"Virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir" Sədaqət Vəliyeva

"Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Elə bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Heç şübhəsiz xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb: "Bu səbəbdən də indiki dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Mütləqdir ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün işlənilmiş qaydalara həmin obyektlərin sahibləri, vətəndaşlar riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir".

"Bu gün ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Bu mənada xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır" – deyən Sədaqət Vəliyeva əlavə edib ki, pandemiya vəziyyəti hələ də davam etdiyindən virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir: "Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər".

Deputat vurğulayıb ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir: "Bir həkim olaraq da hər bir vətəndaşımızdan xahiş edirəm ki, karantin qaydalarına riayət edən, maskalardan, qoruyucu və dezinfeksiya vasitələrindən istifadə edək. Vətəndaşlarımız maksimum diqqətli olmalı, karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər". yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...