“İnzibati tədbirlər vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün vacibdir” Tahir Rzayev

Epidemiya əleyhinə reimin, sanitariya, gigiyena, karantin rejiminin pozulmasına görə Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində edilmiş dəyişiklik ölkədə yaranmış mövcud vəziyyətdən irəli gəlir və günün reallıqlarını əks etdirir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, son günlər infeksiyaya yoluxma halları sürətlə artmaqdadır və bu hər birimizi narahat edir.

"Bir çox insanlar dünyada təhlükə yaradan və bəşəriyyəti çıxılmaz vəziyyətə salan pandemiyanın dəhşətlərini hələ də dərindən dərk edib qiymətləndirmir, qayda-qanunu pozmaqda davam edirlər. Karantin rejiminə, sanitariya, gigiyena qaydalarına əməl olunmaması cərimələrin tətbiqini zərurətə çevirir. Başqa yol yoxdur. Maarifləndirmə tədbirləri, söhbətlər, müzakirələr demək olar ki, lazımi nəticəsini vermir. Belə halda inzibati tədbirlərə əl atmaq, qaydaları sərtləşdirmək lazımdır. Bu ilk növbədə ölkə vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün çox vacibdir.

Ölkəmizin başçısı Cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva koronavirus infeksiyasının yayılmaması, onun qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirləri görmüş, dəfələrlə qayda-qanunlara əməl olunması, nizam-intizam barədə vətəndaşlara müraciətlər etmişlər. Nazirlər Kabineti, müvafiq orqanlar infeksiya ilə əlaqədar çox təsirli tədbirlər həyata keçirmişlər və bu tədbirlər bu gün də davam edir. İnzibati xətalar məcəlləsinə edilmiş dəyişiklik müəyyən edilmiş tədbirlərin pozulmasının qarşısının alınmasına, nizam-intizamın möhkəmləndirilməsinə, karantin rejimi dövründə hər bir insanın məsuliyyətinin artırılmasına və infeksiyanın sürətlə yayılmasının aradan qaldırılmasına xidmət edir. Bizim hər birimiz bu təşəbbüsdə olmalı və insanların sağlamlığını qorumaq üçün hər bir vasitədən istifadə edilməlidir. Öz sağlamlığının qeydinə qalan, əzizlərini təhlükədən qoruyan hər bir Azərbaycan vətəndaşı qanuna edilmiş bu dəyişikliyi müsbət qiymətləndirməlidir. Çünki, bu dəyişiklik insanların sağlamlığına, onların təhlükəsizliyinə yonəldilmişdir", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...