Azərbaycan bir neçə ildən sonra hərbi təyinatlı məhsulların ixracatçısı kimi tanınacaq - TƏHLİL
Ölkəmizdə hərbi sənayenin inkişafı ilə bağlı həyata keçirilən davamlı layihələr respublikamızın istehsal etdiyi müdafiə sənayesi məhsullarının çeşidlərinin ilbəil artmasına səbəb olmaqdadır. Dövlətin müdafiə sənayesi sektoruna böyük diqqət göstərməsi və maliyyə dəstəyinin güclənməsi sayəsində demək olar ki, hər ay yeni hərbi-sənaye təyinatlı məhsulların istehsalı reallaşır. Hərbi sənaye bölməsi respublikamızda yeni sahə hesab olunsa da, qısa müddət ərzində sistemli tədbirlərin həyata keçirilməsi nəticəsində gözləniləndən də yüksək effekt verən mühüm nəticələr əldə olunub. Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Hazırda Azərbaycanın hərbi müəssisələrində yenidənqurma tədbirlərinin həyata keçirilməsi daha da sürətləndirilib, bu müəssisələrdə dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıqlar quraşdırılmaqdadır. Bunun nəticəsidir ki, ölkəmizin müdafiə sənayesinin əsas sütunları hesab olunan həmin strateji müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı daha da təkmilləşdirilir, eyni zamanda, ən yeni nəsil modern texnologiyalara əsaslanan texnika, sursat və silahlar istehsal olunmaqdadır. 2011-ci ilin birinci rübündə müdafiə sənayesi sektorunda inkişaf dinamikası daha da sürətlənib və hərbi müəssisələrdə istehsal olunan məhsulların həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 11 dəfədən çox artıb. Bu il Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq 107 adda məmulatın yaradılması nəzərdə tutulub. Ümumilikdə, cari ildə proqrama uyğun olaraq istehsal ediləcək müdafiə təyinatlı məmulatların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Artıq bu ildən ölkəmizdə T-55 tanklarının şassisi üzərində yeni zirehli döyüş maşınlarının yaradılması layihəsinə başlanacaq. Türkiyənin "Ares Shipyard" şirkəti isə hərbi gəmiqayırma fəaliyyətinə başlamaq istəyir. Artıq bununla bağlı ilkin razılaşma əldə olunub. Qardaş ölkə ilə imzalanmış sazişə əsasən, bu il respublikamız "ROKETSAN" şirkəti ilə birgə 107 və 120 mm-lik reaktiv raketlər istehsal edəcək. Bundan başqa, Azərbaycan və Türkiyə birgə helikopterlərin, zirehli tank və aviasiya texnikasının, artilleriya sistemlərinin, radiolokasiya stansiyalarının və zenit-raket komplekslərinin istehsalını planlaşdırır. Bu gün respublikamızın müdafiə sənayesi müəssisələrində istehsal olunan "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, "İstiqlal-1" pulemyotları, 60 mm çaplı minaatan, 107 mm çaplı reaktiv mərmi, təlim bombası, Seysmik Mine Füze ("Qığılcım") sistemi, "Mbombe" döyüş maşını, "Boran" artilleriya qurğusu, "İstiqlal" snayper tüfəngi, piyadalar əleyhinə minalar, motodor və morodor tipli zirehli texnikalar və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. Eləcə də, "İqlim"də istehsal olunan "Boran" artilleriya qurğusu, iriçaplı yarımavtomat "İstiqlal" snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsullar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, "İnam", "Qürur" tapançaları və "İstiqlal" snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə, böyük üstünlüyə malikdir. Azərbaycanın istehsal etdiyi hərbi məhsullara dünya dövlətlərinin marağı son bir ildə artıb və bir çox ölkələr respublikamızla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişləri imzalayıb. İki ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən "İDEX-2011" Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə hərbi əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Qeyd edək ki, həmin sərgidə Azərbaycanın müdafiə sənayesinə aid 71 adda müxtəlif təyinatlı məhsullar nümayiş etdirilib. Tədbirdə ölkəmizə məxsus yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və digər hərbi məhsullar sərgi iştirakçılarına təqdim olunub. Respublikamıza məxsus atıcı silahlar, döyüş sursatları, müdafiə təyinatlı məhsullar, xüsusilə də "Paramount Group" şirkətinin lisenziyası ilə istehsal olunan "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri və snayperlər dünya ölkələrinin marağına səbəb olub. Bütün bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB