Məhəmməd Mehdi Axundzadə: “Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında qəbul olunan müqavilə hələ qüvvədədir” - MÖVQE

Məhəmməd Mehdi Axundzadə: “Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında qəbul olunan müqavilə hələ qüvvədədir” - MÖVQE

Beştərəfli konvensiya tam qəbul olunmayana kimi, Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında 1921-ci ildə qəbul olunan müqavilə qüvvədə qalmış hesab olunur. SİA-nın xəbərinə bunu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclasından sonra Xəzəryanı ölkələrin təmsilçiləri birgə mətbuat konfransı zamanı İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə deyib.

 

Bakıda keçirilən 28-ci iclasa gəlincə, Axundzadə Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə müzakirələrində irəliləyişin olduğu deyib. Onun sözlərinə görə, tərəflər müzakirələrin intensivləşdirilməsi və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzərində işlərin sürətləndirilməsi barədə qərar qəbul ediblər: "İran digər Xəzəryanı ölkələr kimi, əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Fikrimizcə, həmin ölkələrin liderlərinin fəallığı nəticəsində əməkdaşlıqda çox yaxşı inkişaf əldə olunub. Buna nümunə kimi Bakıda Xəzəryanı ölkələrin liderləri tərəfindən imzalanan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini göstərmək olar. Region xalqlarının gələcəyi bir-birinə bağlıdır, Xəzər sülh və dostluq dənizidir".

 

O, qeyd edib ki, Xəzəryanı ölkələr arasında münasibətlərin müsbət formada davamı üçün əlaqələr inkişaf etdirilməlidir: "Biz işimizdən yaxşı nəticə əldə etmək üçün əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. Heç bir xarici qüvvə indiki proseslərə və formalaşmış əməkdaşlığa təsir edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə