Müxalifətin islahatlara ehtiyacı varmı? ANALİTİK

Yaxud, radikalizm dövrü bitib, zaman konstruktivliyindir

Ölkəmiz yeni və daha müasir siyasi, sosial, iqtisadi və struktur islahatlarına qədəm qoyub və bu sıralamada ölkədə fəaliyyət göstərən və müxalifət cinahında olan partiyaların yeni dialoq mühitinə dəstək göstərmələri, eyni zamanda radikalizm çağırışlarından imtinanın olunmasıdır. Artıq siyasi islahatların bir qismi icra olunub və buna misal kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsini, eləcə də, müxalifət partiyalarının bir qisminin seçkilərdə qalib gələrək, parlamentdə təmsil olunmalarını göstərmək olar. O cümlədən, ölkədə iqtidar-müxalifət münasibətləri mühitində də bir sıra yeniliklər necə deyərlər, göz önündədir...

Radikallardan fərqli olaraq, konstruktiv müxalifət nə düşünür?

Ancaq ortada digər məqam da var - islahatçı hakimiyyətin yeniləşməyə doğru atdığı dinamik addımları ilə yanaşı, struktur islahatlarında da köklü dəyişikliklər etməsi faktı. Bu baxımdan, daim hakimiyyətə qarşı radikal, qaragüruh, məntiqsiz və əsassız ittihamlarla çıxış edən sözdə müxalifət “liderlərinin” həmin yeniləşməyə barmaqrarası baxmaları, yersiz iddialarla gündəmdə qalmaq cəhdləri elə sağlam düşüncəli ictimai rəy tərəfindən normal qarşılanmır. Belə ki, radikal təfəkkürə, dağıdıcılıq düşüncəsinə malik olan sözdə müxalifət anlamalıdır ki, 27 ildir ki, düşərgədə var-gəl edən “liderlər” getməli, onları yeni fikirli, sivil siyasi prinsiplərə malik olan gənclər əvəzləməlidirlər. Ancaq bütün bunların yerinə, radikallar dövlət rəhbərliyi tərəfindən qəbul edilən, xüsusilə xalqın maraqlarına cavab verən qərarlara qarşı mənfur düşüncələrini irəli sürürlər. Çünki yaxşı anlayırlar ki, istənilən qərar fonunda destruktiv baxışlı siyasilər xalqdan heç bir dəstək ala bilməyəcəklər.

AMİP: “Müxalifətdə də islahatlara zərurət var”

Misal üçün, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov dialoq mühitini çox vacib sayır. Onun sözlərinə görə, müxalifətin də özünə görə məsuliyyəti var. “Dialoq mühiti həm də ona görə vacibdir ki, ölkənin problemlərinin həlli, qarşılıqlı etimad və inamın yaranması istiqamətində bir çox maneələri aradan qaldırmaq mümkün olar”, deyə qeyd edən AMİP yetkilisi əlavə edib ki, bəziləri – özlərini “ana müxalifət partiyası” kimi təqdim edən “liderlər” yanlış olaraq iqtidar-müxalifət dialoqunu “bazarlaşma” kimi ictimaiyyətə təqdim etməyə cəhd göstərirlər. “Qardaş Türkiyənin təcrübəsindəki iqtidar-müxalifət münasibətləri, iqtidar-müxalifət dialoqu bizim üçün də bir nümunə ola bilər”, deyə misal gətirən Ə.Orucova görə, sivil cəmiyyətlərdə bu müzakirələr və problemlərin həlli yolları küçələrdə, meydanlarda, internet resurslarında söyüş və təhqirlərdə deyil, parlamentlərdə, yaxud masa arxasında aparılır: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyində çıxışı zamanı toxunduğu məsələlərdən biri də bizi istəməyən qüvvələrin Azərbaycana qarşı atdığı və planlaşdırdığı məkrli niyyətləri barədə olub”.

AMİP-in funksioneri müxalifətdə də islahatların aparılması vacibliyinə toxunaraq bildirib ki, belə islahatlara ciddi zərurət var.

AVP: “Bunlar qeyri-real yanaşmalardır”

Bu arada, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı mətbuata açıqlamasında bildirib ki, dialoqlar keçirilib və artıq növbəti dialoqa ehtiyac yoxdur. Daha dəqiq desək, radikal və dağıdıcı müxalifətin təmsilçilərinin digər məsələlər ətrafında bəyanat səsləndirməsi də yersiz və gülüncdür: “Düşünürəm ki, bunlar qeyri-real yanaşmalardır”, deyə F.Ağamalı qeyd edib.

Ənənəvi müxalifətin Azərbaycanda heç bir nüfuzlarının olmadığını da deyən F.Ağamalı onların sosial dayaqlarının demək olar ki, tam sıradan çıxdığını da xatırladıb: “Ancaq bəyanatlarla çıxış edirlər. Son olaraq, mühacir alverində çox ciddi zərbələr aldılar. Əgər bunlar sözün həqiqi mənasında özlərini çox ciddi müxalifət hesab edirlərsə, yanılırlar. Müxalifət düşərgəsində yer alan partiyaların tam əksəriyyəti seçkilərdə iştirak etmək niyyətindədir. Bunu mətbuatdan izləməkdəyik...”.

Beləliklə, fikirlər müxtəlif olsa da, fakt budur ki, radikal və dağıcıdılıq təfəkkürünə malik müxalifət reallaşdırılan çoxşaxəli islahatlardan qorxuya düşüb və hətta xalq üçün, dövlət üçün atılan hər bir addımdan qıcıqlanırlar. Normal müxalif düşüncəyə malik olanlar isə, bu addımları dəstəkləyir və boş-boş bəyanatlar yaymağı doğru hesab etmir. Bütün hallarda isə, bu islahatlar nəticə olaraq, köhnəlmiş, naftalin qoxusu verən düşərgənin də sıradan çıxmasına şərait yaradacaq. Çünki ölkəmiz daha yeniləşməyə, daha tərəqqi etməyə doğru yol alıb. Ümumiyyətlə isə, radikalizm dövrü bitib və dövr konstruktivliyindir. Qalır, onların bu islahatlara dəstək vermələrinə ki, artıq bu reallıq da zaman-zaman özünü doğrultmağa başlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə