Ermənilər Paşinyana yönəlmiş diqqəti başqa tərəfə çəkməyə çalışırlar - ŞƏRH ÖZƏL

“Erməni tərəfi Ramil Səfərovla bağlı məsələ ilə Paşinyana qarşı yönəlmiş diqqəti başqa yönə çəkməyə çalışır. Məsələ burasındadır ki, Paşinyan özü-özünü dolaşdırıb və Ermənistanda da vəziyyət mənfi şəkildə onun əleyhinə kifayət qədər dəyişib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, onlar məhkəməyə müraciət etsələr də, istədiklərinə nail ola bilmədilər: “Avropa məhkəməsi insan haqqları aktına uyğun olaraq qəbul etdiyi iki qərarda hardasa hüquqi cəhətdən düzdür. Beynəlxalq hüquqa görə bunu edə bilər. Amma nə Azərbaycan dövləti, nə də Ramil Səfərov orada hər hansı bir məsuliyyət daşımır. Azərbaycan vaxtında işini görüb. Cənab Prezident Ramil Səfərovun ölkəyə ekstradisiyasını təmin etdi və onu əfv etdi. Bütün bunlar ermənilərə bir tərs şapalaqdır”.

C.Nuriyev vurğulayıb ki, siyasət belə bir şeydir, əgər vaxtında atılan addımla vəziyyəti qiymətləndirə bilmisənsə, sonradan atılan daş topuğa dəyər misalı, sonradan atılan addımların heç bir əhəmiyyəti yoxdur: “İndi ermənilərin də apardığı siyasət məhz bu qəbildəndir. Onlar çalışırlar ki, bu yolla diqqəti başqa tərəfə yönəltsinlər və nəyisə həll etsinlər. Amma bu alınan iş deyil. Bu məsələnin üstündən kifayət qədər vaxt keçib. Azərbaycan Ramil Səfərovu bütün halı ilə qəbul edib və onun arxasındadır. Kimliyindən asılı olmayaraq hamı həmin situasiyada eyni addımı ata bilərdi. Buna görə də bütün hallarda Ramil Səfərovu biz haqqlı sayırıq. Onun haqqında müxtəlif fikirlər olub, lakin məsələ ondadır ki, ona olunan hücumlar əsassız olduğuna görə biz hər zaman Ramil Səfərovun yanında olmuşuq və olacağıq da”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...