Almanlar atom elektrik stansiyalarını bağlamağa çağırırlar

Almanlar atom elektrik stansiyalarını bağlamağa çağırırlar

Almaniya şəhərlərində Pasxa bayramı münasibətilə ənənəvi sülh yürüşləri keçirilib. Aprelin 25-də yürüşlərə atom enerjisi əleyhinə nümayişlər qatılıb. SİA-nın xəbərinə görə, təşkilatçıların sözlərinə əsasən, Almaniya ərazisindəki 12 atom elektrik stansiyası yaxınlığında etiraz aksiyalarına 120 min adam qatılıb. Nümayişçilər Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasında baş vermiş qəzanın və Çernobıl qəzasının qurbanlarının xatirəsini anıblar.


Bavariyanın "Çernobıl xəbərdarlıq edir" cəmiyyətinin üzvü Martin Hayliq demişdir ki, 2011-ci ilin Pasxa bazar ertəsi Almaniyada atom enerjisi tabutunun qapağına vurulmuş mıx olmalıdır. DAPD agentliyinin yaydığı məlumata görə, Axır cümədən Pasxa bayramınadək keçən dörd gün ərzində Almaniyanın 100 şəhərində sülh yürüşləri olmuşdur. Yürüş iştirakçıları "Əfqanıstandan rədd ol", "Nüvə silahının bütün növlərini qadağan etməli" və "Bütün atom eletrik stansiyalarını dərhal dayandırmalı" şüarlarını səsləndiriblər.


Əsas etiraz mövzularından biri NATO-nun Liviyaya qarşı hərbi əməliyyatları olub. Plakat və transparantlarda "Liviyanın mülki əhalisini NATO-dan müdafiə etməli", "Liviya əleyhinə cinayətkar təcavüzə son qoyun", "Müəmmər Qəddafini deyil, NATO-nu məhv edin" şüarları səslənmişdir. Aksiyanın təşkilatçılarından biri, sülhü müdafiə edən "Friedensratschlag" Federal Komitəsinin rəsmi nümayəndəsi deyib: "Ötən illə müqayisədə sülh yürüşlərinin iştirakçılarının sayı artmışdır".


Atom enerjisi əleyhinə növbəti etiraz aksiyaları mayın 28-də və iyunun 12-də Almaniyanın 20 şəhərində nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə