Ombudsmanın nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə oxuyublar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Müvəkkil və Ombudsman Aparatının məsul əməkdaşları bu Akademiyanın dəvəti ilə həmkarlar ittifaqlarının kadr və fəallarının ixtisasartırma kursları və treninqlərində dinləyicilərlə görüşür, insan hüquqları, o cümlədən əmək hüquqları üzrə silsilə mühazirələr oxuyurlar.
Sıx əməkdaşlığın məntiqi davamı olaraq, Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov və baş məsləhətçisi Müqalib Mahmudov həmin akademiya tərəfindən təşkil olunmuş növbəti kurslarda "Şəxsiyyətin hüquqi statusu – cəmiyyətin bünövrəsi kimi" mövzusunda mühazirələr oxuyublar.
Müvəkkilin nümayəndələri normativ-hüquqi aktlarda təsbit edilmiş hüquq və azadlıqların, vəzifələrin məcmusunun şəxsiyyətin hüquqi statusunu xarakterizə etdiyini diqqətə çatdırıblar. Onlar Azərbaycan Respublikası Konstitusiyasının ikinci hissəsində təsbit olunmuş insan hüquq və azadlıqlarının geniş şərhini vermiş, respublikamızın son illərdə insan hüquqlarının inkişafı sahəsində keçdiyi yol, insan hüquqlarının daha etibarlı və səmərəli təmin edilməsində ilk milli Konstitusiyamızın əhəmiyyəti, habelə insan hüquqlarının, o cümlədən əmək hüquqlarının təmin edilməsi üzrə həyata keçirilmiş davamlı islahatlar və mühüm tədbirlər barədə danışıblar.
Ombudsman təsisatının yaradılması zərurəti və təşəkkülünün qısa tarixi, Müvəkkilin mandatı, səlahiyyətləri, vəzifələri, fəaliyyətinin əsas istiqamətləri, ona müraciət qaydaları, vətəndaşların pozulmuş hüquqlarının bərpasında həyata keçirilmiş ardıcıl iş, Müvəkkilin bəyanatları və illik məruzələri barədə geniş məlumat verilib.
Ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu Planın icrası vəziyyəti diqqətə çatdırılmışdır. Həmin planın insan hüquqlarının müdafiəsi və təmini sahəsində model sənəd kimi qiymətləndirildiyi vurğulanıb.
Aparatın əməkdaşları dinləyicilərin suallarını ətraflı cavablandırıblar.
Akademiyanın nümayəndələri mühazirə, fikir və məlumat mübadiləsi üçün Ombudsmanın əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB