“Qobu Park-3” müstəqilliyimizin nemətləri kimi diqqəti cəlb edir, özündə dəyər daşıyır” ÖZƏL-MÜNASİBƏT

“Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kom¬pleksinin mayın 28-dəki açılışı, həm hadisənin öz məzmunu, təyinatı etibarı ilə, həm də məhz Respublika Gününə təvafüq etməsi ilə əlamətdar oldu. Mən bilərəkdən “təsadüf etdi” yox, “təvafüq etdi” deyirəm və dövlətin öz vətəndaşına diqqət-qayğısı, əhalinin sosial problemlərinin həlli üçün davamlı işlərin görülməsi, açılışda ali dövlət rəhbərliyinin şəxsən iştirakı, sakinlərlə aparılan səmimi söhbət, daha yaxşı sabahlara bəslənən dərin inamdır.” Bu sözləri SİA-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, bunlar hamısı dövlət müstə¬qilliyimizin nemətləri kimi diqqəti cəlb edir, özündə dəyər daşıyır.

“Təməli ötən ilin iyulunda qoyulan yaşayış kompleksində yaradılan ortam, bir tərəfdən, məcburi köçkün vətəndaşlarımız üçün tezliklə normal sosial mühit yaratmaq məsuliyyətini ifadə edirsə, digər tərəfdən ali dövlət rəhbərliyinin göstərişlərinə, tapşırıqlarına peşəkarlıqla və fasiləsiz fə¬aliyyəti təmin edən bir yanaşmanı göstərir.

Cəmi 1 il içində belə nəhəng kompleks salmaq Azərbaycanlı mütəxəssislərin, inşaatçılarımızın vətənpərvərliyini, bacarıqlarını da nümayiş etdirmiş oldu. Əlbəttə, belə nəhəng və sürətli inşaatdan danışarkən, inşaatın Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tə¬şəbbüsü ilə həyata keçirildiyini də şükranlıqla qeyd etməliyik. Adından da göründüyü kimi, bu artıq 3-cü kompleksdir və hər üç “Qobu-Park” Lökbatanın şəhər simasını da dəyişir, gözəlləşdirir.
Onu da nəzərə alsaq ki, yaşayış komplekslərinin yeri öncələr baxımsız sahə olub, orada yaşayış üçün minimum sosial infrastruktur mövcud olmayıb, o zaman görülən işin dəyəri daha da artmış olur. “Qobu Park-1”-də 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, “Qobu Park-2”-də 1300 ailəlik onmərtəbəli 13 bina, açılışı olan “Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası inşa olunub və 20 min əhalinin məskunalaşmasına xidmət edən bu işlər, toplam 2 il kimi qısa bir müddətdə icra edilib. Komplekslərin ərazisində vacib sosial obyektlərin yaradılıdığını, əraziyə asfalt yol salındığını da göz önündə tutsaq, əslində, dünən, Qaradağın, ümumən paytaxtımızın həyatında sosial həyat, inşaat işi və vətəndaşa qayğı baxımından ciddi hadisənin yaşandığını deməliyik. Nəzər alsaq ki, söhbət məhz məcburi köçkün həmvətənlərimizdən gedir, o zaman sözügedən hadisə, paytaxtı da aşaraq, ümumrespublika məzmunu daşımış olur.

Deməliyəm ki, Prezident İlham Əliyevin sakinlər qarşısında 28 may – Respublika Günü haqqında, yaxın tariximiz haqqın¬da, açılışı olan kompleks barədə geniş fikirləri dünənki açılışı yalnız bir sosial layihə olmaqdan çıxarıb, ictimai-siyasi məzmunla zənginləşdirdi.

Burada rəmzi və faktiki baxımdan diqqət yetirmələi məqamlardan biri də odur ki dövlət başçısı əziz bayramımızı məhz quruculuqla, əhalinin problemlərinin həlli ilə bağlı atılmış real addımlarla, vətəndaşlara yeni mənzillərin açarlarının təqdim olunması kimi anlamlı, xoşməramlı hadisə ilə qeyd edir – bayrama bayram qatır. İkincisi, çox aydın şəkildə dövlət başçısı tərəfindən bir daha ifadə olundu ki, heç bir çətinliyə, mürəkkəb beynəlxalq vəziyyətə, digər məsələlərə baxmayaraq, dövlətimiz işğalla barışmayacaq, torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq, “ikinci erməni dövləti”nin qurulmasına imkan verilməyəcək. Unutmuruq ki Ermənistan adlanan dövlət özü tarixi Azərbaycan torpaqlarında qurulub, İrəvan şəhərinin tarixdəki ilk erməni dövlətinə paytax olaraq güşəzt edilməsindən 102 il ötür və Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirib, əksinə yeni ərazilərin işğalı hesabına daha da iştahlanıb, soyqırım törədib, bununla da, yeni dövrün faşizmini təmsil etməkdədir. Ancaq heç bir işğal, işğalın uzun sürməsi və s. bizi öz haqlı mövqeyimizdən döndərməyib, döndərə bilməz və biz dövlət-xalq birliyi ilə torpaqlarımızı azad edəcəyik.

Bu o deməkdir ki, Azərbaycan inşaatçıları “Qobu Park”lardan daha gözəl kompleksləri işğaldan azad yaşayış məntəqələrimizdə tikməyə hazır olmalıdır. O günün uzaqda olmaması üçün siyasi iradə, hərbi güc, iqtisadi əsaslar, vətənpərvər gənclər ordusu var. Və bu varlıq öz-özünə meydana çıxmayıb, dediyimiz inamı, gücü, mənəvi-psixoloji ortamı yaradan dövlət var, Ali Baş Komandan var və demək, vətənə, dövlətə təmənnasız xidmətə hazır olan xalqımız var. Dövlətimizin bayrağı uca olsun!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə