“Ermənistanda bu qədər məcburi köçkün olsaydı…” ÖZƏL-MÜNASİBƏT

“Xalq Cəbhəsi ölkədaxilində xaos yaratmaq üçün göstərdiyi səylərini kaş ki, erməniyə qarşı mübarizədə göstərərdi. Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən sil-silə layihələr, dövlət başçısı Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xalqa verdiyi dəyərin bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksi məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması adına həyata keçirilən növbəti olduqca mühüm layihələrdən biridir.
“Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə salınan bu yaşayış kompleksi ən böhranlı vəziyyətdə belə, müharibə şəraitində yaşamağımızdan asılı olmayaraq, dünyada tüğyan edən pandemiyaya baxmayaraq, şəhid ailələrinin, məcburi köçkünlərin probleminin həllinin dövlət üçün bir nömrəli iş olduğunu göstərdi. Bu bilirsiniz nə deməkdir? Dünyanın ən inkişaf etmiş dövlətlərinin iqtisadi böhran qarşısında çarəsiz qaldıqları bir vaxtda Azərbaycanda məcburi köçkünlər üçün “Qobu Park-3” yaşayış kompleksi salınır.

Müxalif qüvvələr hər zaman olub və olacaq. Maraqlısı odur ki, kürsü başına keçmək üçün topaqları erməniyə peşkeş edən qüvvələr bu gün “Qarabağ, Qarabağ deyir…” Xaricdən qrant alıb ölkədə təxribat törətməklə topaqlar geri qayıtmır. Xalq Cəbhəsinin mövqeyi dəyişməyib. Adi bir nüansı qeyd edim. Xalq Cəbhəsi ölkədaxilində xaos yaratmaq üçün göstərdiyi səylərini kaş ki, erməniyə qarşı mübarizədə göstərərdi. Hər şeydə dövləti ittiham edirlər. Bu günə kimi erməniyə qarşı hansı addımı atıblar? Yaxşı ki, zamanında Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı quldur dəstəsinin əlindən qurtardı…

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edilib, həmin ərazilərdə yaşayan Azərbaycan vətəndaşları daimi yaşayış yerlərindən qovularaq məcburi köçkünə çevriliblər. Bu insanlar uzun illər boyu vaqonlarda, çadır şəhərçiyində yaşayıblar. Məcburi köçkünləri düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün dövlət indiyədək böyük proqramlar həyata keçirib.

Bir anlıq düşünün ki, eyni məcburi köçkünlər bu gün Ermənistanda olsaydı nə olardı? Onlar üçün də Azərbaycandakı kimi şərait yaradılardımı? Əlbəttə ki, yox.

Ermənistanda bu qədər məcburi köçkün olsaydı, onlar dünya ictimaiyyətinin qarşısında yeddi yaylıqla ağlaya bilmək üçün onların yaşayışını yaxşılaşdırmayacaqdı. Əksinə daha da acinacaqlı edəcəkdi. Amma Azərbaycan dünya ictimaiyyətini inandırmaq üçün belə olsa, bu addımı atmadı və atmır. Əksinə torpaqları işğalda olsa da, bunu məcburi köçkünlərin yaşayışında hiss olunmaması üçün əlindən gələni əsirgəmir.

Hesab edirəm, dövlətin müxalif partiyalarla dialoqundan olduqca məhsuldar istifadə ediməlidir. Müxalif partiyalar Ermənistanın yürütdüyü məkirli işğalçılıq siyasətinə qarşı birgə layihə həyata keçirməlidir. Kürsü başına gəlmək üçün dövlətlə yox, Qarabağa qayıtmaq üçün erməni ilə mübarizə aparmaq lazımdır”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə