“Məcburi köçkünlərin və qaçqınların mənzillə təmin edilməsi təqdirəlayiqdir” ÖZƏL-ŞƏRH

Əlbəttə ki, Cənab Prezidentin və hörmətli vitse-prezidentin dünənki, yəni evlərin təqdimatındakı çıxışına mən diqqətlə qulaq asdım, iştiraklarını televiziyadan izlədim və həqiqətən də Azərbaycanda sosial siyasət ən yüksək səviyyədə həyata keçirilir, xüsusən də aztəminatlı ailələrin, daha ciddi ehtiyacı olanların sosial problemlərinin həlli istiqamətində dövlət durmadan proqramlar həyata keçirir. Bu fikirləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, məcburi köçkünlərin və qaçqınların mənzillə təmin edilməsinə göstərilən səylər əlbəttə təqdirəlayiqdir.

“Cənab prezidentin sözü ilə desək, işğalçı Ermənistanda dövlət belə bir proqram həyata keçirmir, çünki bunu həyata keçirmək üçün imkanları, gücü də yoxdur. Lakin Azərbaycan dövləti bunu bacarır, edir. Qaldı ki, 1992-ci ildə, yaxud da həmin dövrlərdə baş verən hadisələrə, mən o fikri mütləq olaraq paylaşıram ki, həqiqətən də həmin illərdə Azərbaycana Ümummilli Lider Heydər Əliyev kimi çox qətiyyətli və təcrübəli bir siyasət adamı başçısılıq etmiş olsaydı bu problemlər yaşanmayacaqdı. Çünki, Ulu Öndər Heydər Əliyev dövlət işini yaxşı bilirdi. Həm də ki, bu adamın doğrudan da qətiyyəti, cəsarəti var idi. Yəni bu adam təsadüfi adam deyildi. Əgər həmin illərdə Ulu Öndər Heydər Əliyev bu ölkəyə başçılıq etmiş olsaydı, xüsusən də 90-cı illərin ilk illərində, hətta bu münaqişə başlamaq üzrə ikən Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı nə Qarabağı itirməyəcəkdik, nə də ki, Ermənistandakı soydaşlarımız yurd-yuvalarını atıb qaçmalı olmayacaqdılar. Yenə də deyirəm, Ulu Öndər Heydər Əliyev həqiqətən də öz qətiyyəti ilə, təcrübəsi ilə çox-çox siyasətçilərdən, gəlmiş-keçmiş siyasətçilərdən üstün bir siyasət adamıdır və Cənab Prezident İlham Əliyevin də onu misal gətirməsi, əlbəttə ki, anlaşılandır, başadüşüləndir. Yəni Azərbaycanın həmin illərdə nəyə ehtiyacı var idi? Azərbaycanın ehtiyacı olan şey tıcrübə idi, qətiyyət idi və əlbəttə ki, təəssüflər olsun həmin dövrdə Azərbaycana başçılıq etmiş istər 92-ci ildən sonra, istər o dövrə qədər, istərsə də 20 yanvar faciəsini yaşadığımız dövrə qədər Azərbaycana başçılıq etmiş rəhbərlərin heç birində nə dövlətçilik təcrübəsi yox idi, nə də ki, qətiyyət yox idi. Ona görə biz Ermənistandakı, Qərbi Azərbaycandakı yurd-yuvamızı itirdik, onun ardınca “Qanlı Yanvar” faciəsini yaşadıq, onun ardınca Xocalı faciəsini yaşadıq, Şuşanı, Laçını itirdik, bütövlükdə Dağlıq Qarabağı itirdik, ətraf rayonlarını itirdik. Yəni bütün bunlar Azərbaycana başçılıq edən şəxslərin qətiyyətsizliyi, təcrübəsizliyi hesabına baş verdi. Əlbəttə, indi kimsə çıxıb deyə bilər ki, bəs düşmənin günahı yoxmuydu? Əlbəttə, düşmənin günahı vardı. Düşmən düşməndir, yəni bu açıq şəkildə bilinir ki, sənin torpağını işğal etmək istəyir, sənin insanlarını yurd-yuvasından etmək istəyir. Lakin, düşmən qarşısında qətiyyətli və təcrübəli bir lider görəcəyi təqdirdə bunu etməyə cürət göstərməzdi. Bax problem ondadır. Bəzən cəmiyyət içində deyirlər ki, Cənab Prezident İlham Əliyev o dövr haqqında danışanda güya ermənilərin günahını deməmək istəyir. Əsla! Cənab Prezident heç zaman ermənilərin günahsız olduğunu deməyib, buna işarə belə eləmir. Əksinə, ölkə başçımız həmişə deyir ki, onlar işğalçıdır, onlar başkəsəndir. Sadəcə olaraq Azərbaycanda həmin dövrdə qətiyyətli bir lider olsaydı ermənilər bu qədər cürətlənməzdi. Həmin qətiyyətli lider isə Ulu Öndər Heydər Əliyevdir. Yəni, Ümummili Lider Heydər Əliyev həmin dövrdə Azərbaycana rəhbərlik etmiş olsaydı, şəxsən mən əminəm ki, bu hadisələr baş verməyəcəkdi. İllər öncə də mən yazılarımda, çıxışlarımda bunu qeyd eləmişəm ki, Azərbaycana dəmir yumruq lazım idi. Həmin dövrdə çox ciddi bir dəmir yumruq lazım idi ki, hər kəs ağlına gələni etməsin, millətin və dövlətin diqqəti işğalçıya qarşı səfərbər edilsin və onu yerində oturda bilək”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə