Yaxın 5 il ərzində Bakı Metropolitenində hansı dəyişikliklər olacaq?

Yaxın 5 il ərzində Bakı Metropolitenində hansı dəyişikliklər olacaq?
Hazırda tikinti işləri aparılan "Dərnəgül" stansiyası yaxın aylarda sərnişinlərin ixtiyarına veriləcək. Bu barədə SİA-ya açıqlamasında Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov məlumat verib. O bildirib ki, "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyalarında yeni xəttin, bundan əlavə, mövcud xəttin deposunun tikintisi gedir. Onun sözlərinə görə, bütün bunların da 2013-cü ildə açılması nəzərdə tutulur.

Bakı Metropolitenin tam yeni xətt üzrə 5 illik planın olduğunu deyən A.Rəsulov qeyd edib ki, həmin xəttin davamı olaraq "Avtovağzal"dan başlayan və Heydər Əliyev sarayına tərəf gedən, 3-cü mikrorayonunun aşağısını, Xutor dairəsini əhatə edən yeni bir stansiya tikiləcək: "Bundan əlavə, Heydər Əliyev adına İdman Kompleksinin altında yeni bir stansiya olacaq. Başqa bir stansiya isə indiki Qış parkı adlanan əraziyə, yəni, Heydər Əliyev adına Sarayın arxasına düşür və oradan da Azadlıq meydanıına çıxılacaq. Bu bizim yaxın 5 illik planımızdır".

A.Rəsulov tək çıxışlı metro stansiyalarına əlavə çıxışların tikilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu istiqamətdə də layihə işləri aparılır.
"İk növbədə Elmlər Akademiyasından başlayacağıq, digər stansiyaların da yaxın 6-7 ilə ikinci çıxışları olacaq. Elmlər Akademiyasından gündə 50-60 min insan istifadə edir. 60 min bir stansiyanın maksimal mümkünlüyüdür. Elmlər Akademiyası da bir çıxışla bu insanları daşıyır. Burada ikinci çıxışın tikintisinə bu il başlamağı nəzərdə tuturuq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə