"Elə qanuni şərtlər tətbiq edilməlidir ki,...? ÖZƏL-MÖVQE

"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə az qala koronovirus əleyhinə mücadilə qədər həyatı bir məsələyə çevrilib. Bunun səbəbləri hər kəsə aydındır. COVID -19 insan həyatına və sağlamlığına qəsd edir, can alır, genefondumuzu məhv edir, korrupsiya isə bizi qoruyan, bizi yaşadan dövlətimizi içindən dağıdır, fundamentini sökür. Elə buna görə də Prezident İlham Əliyevin bu sosial bəlanın aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlər çox sərtdir və geniş ictimaiyyətin, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının dəstəyini qazanıb". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, antikorrupsiya kursunun davamlı və dönməz olduğuna artıq heç kimdə şübhə qalmayıb: "İndi cəmiyyəti düşündürən məsələnin başqa tərəfidir. Hüquq-mühafizə orqanlarının aşkarladığı faktların təhlili göstərir ki, bu qəbildən olan cinayət əməllərinə yerli icra hakimiyyəti orqanlarında daha çox təsadüf edilir. İllərdir ki, ictimaiyyətdən gələn mesajlar, mətbuatda dərc olunan yazılar da təsdiqləyir ki, dövlət vəsaitlərinin təyinatından yayındırılması, mənimsənilməsi, torpaqların qanunsuz satılması, tikinti, təmir və s. işlər üçün icazəyə görə rüşvət alınması, sahibkarlardan müxtəlif adlarla pullar yığılması təhsil müəssisələrindən, səhiyyə ocaqlarından haqq tələb edilməsi bir çox rayon, şəhər icra hakimiyyəti rəhbərlərinin sanki həyat tərzlərinə çevrilib.

Deməli, rüşvətxor məmuru yenisi ilə əvəz etməklə korrupsiyanın kökünü qoparmaq mümkün olmayacaq. Elə mexanizmlər hazırlanmalı, elə qanuni şərtlər tətbiq edilməlidir ki, ən tamahkar vəzifə adamı belə dövlətin bir qəpiyini də cibinə qoya bilməsin, verdiyi icazənin müqabilində kimdənsə rüşvət tələb etməsi, "şirinlik" umması, hətta, mümkün olmasın. Zənnimcə, bu məsələdə dünya təcrübəsindən, xüsusilə də, demokratiya, hüquq, iqtisadiyyat baxımından irəli getmiş ölkələrin nümunəsindən yararlanmaq faydalı olardı. Dünya gör-götür dünyasıdır. Baxın, bizim milli idarəçilik brendimiz olan "Asan xidmət" örnəyi artıq neçə-neçə dövlət tərəfindən qəbul edilməkdədir.

Hesab edirəm ki, yerli hakimiyyət orqanlarında şəffaflığın, aşkarlığın, ictimai nəzarət və etimadlılığın təmin edilməsini ehtiva edən seçki sisteminin tətbiqi aktuallaşa bilər. Yaxud yerli əhəmiyyət kəsb edən bütün problemlərlə bağlı qərarların qəbulu və icrası seçkili orqan olan mövcud bələdiyyələrin səlahiyyətlərinə verilməsini gözdən keçirmək mümkündür. Variantlar çoxdur. Əsas elə bir sistemin qurulmasıdır ki, heç kim-nə icra başçısı, nə onun müavinləri nə işçiləri, yaxud hər hansı məmur dövlətin, xalqın malına göz dikə bilməsin".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...