Çernobıl hadisənin 25-ci ildönümü və Azərbaycan “Çernobıl Əlilləri” İttifaqının yaranmasının 21 illiyi münasibəti ilə tədbir keçirilib

Çernobıl hadisənin 25-ci ildönümü və Azərbaycan “Çernobıl Əlilləri” İttifaqının yaranmasının 21 illiyi münasibəti ilə tədbir keçirilib
Bu gün Çernobıl hadisənin 25-ci ildönümü və Azərbaycan "Çernobıl Əlilləri" İttifaqının yaranmasının 21 illiyi münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsinin müdir müavini Tahir Süleymanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və başqaları iştirak ediblər.
Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirib ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 8 min azərbaycanlı iştirak edib. Onlardan 2600-ü artıq dünyasını dəyişib. Çernobıl əlillərinin fədakarlığı 1993-cü ilədək diqqətdən kənarda qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin göstərişi və xüsusi qayğısı nəticəsində bu insanlar layiq olduqları qiyməti alıblar. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş qanunla Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Aprelin 22-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200 manatlıq birdəfəlik maddi yardım göstərilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov qəzanın baş verdiyi dövrün siyasi hadisələrini xatırladıb. O qeyd edib ki, həmin günlərdə yalnız Heydər Əliyev bu dəhşətli hadisənin gerçəkliklərinin xalqa çatdırılmasını tələb etmişdi. Lakin əfsuslar olsun ki, o zamankı sovet rəhbərliyi onun bu çağırışına məhəl qoymayıb və bununla da qarşısıalınmaz fəlakətlərin birbaşa günahkarına çevrilib.
Atom elektrik stansiyalarının ölümcül təhlükəsi məsələsinə toxunan T.Süleymanov mart ayında Yaponiyada baş verən təbii fəlakət nəticəsində "Fukusima-1" AES-dəki faciəni xatırladıb. "Həm Çernobıl, həm də Yaponiya bizdən uzaqda olduqları üçün bu faciənin dəhşətlərini bizim xalq birbaşa duymamışdır. Lakin bizim çox yaxınımızda - Ermənistanda da belə bir təhlükə vardır. Bu, istifadə müddəti çoxdan bitmiş "Metzamor" AES-dir. Bax bu təhlükə bir çox ölkələr kimi, Azərbaycan üçün də realdır", - deyən T.Süleymanov sözügedən AES-in fəaliyyətinin dayandırılması istiqamətində aparılan təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov tezliklə Mingəçevirdə Çernobıl əlilləri üçün bərpa mərkəzinin tikilib istifadəyə veriləcəyini deyib. Nazir müavini bu əlillərin sosial şəraitinin yaxşılaşdırılması üçün xüsusi təkliflər paketinin də hazırlandığını və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacağını da bildirib. Paketdə əlillərin və onların ailələrinin evlə təmin olunası, müalicə və sanatoriya xidmətlərinin artırılması kimi təkliflər vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə