Adil Məmmədov: “Azərbaycanın Gürcüstanda 200-dən artıq şirkəti fəaliyyət göstərir”
Azərbaycan iqtisadi inkişafın yeni bir mərhələsindədir, ölkə investisiya idxalatçısından investisiya ixracatçısına çevrilib. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov Gürcüstanın investisiya imkanlarına dair təqdimat tədbirində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Azərbaycan iqtisadi artıma görə, regionda lider ölkədir və Cənubi Qafqazda ümumi daxili məhsulun 70 faizindən çoxu Azərbaycanın payına düşür. A.Məmmədov Gürcüstanın da Azərbaycan sahibkarları üçün prioritet ölkə olduğunu vurğulayıb. AZPROMO-nun prezidenti azərbaycanlı işadamlarının bu ölkədə ən böyük investorlar olduğunu dilə gətirib. Rəhbərlik etdiyi qurumun Gürcüstanda nümayəndəliyinin olduğunu qeyd edən A.Məmmədov nümayəndəliyin azərbaycanlı sahibkarlara hər cür dəstək verdiyini söyləyib: "Müxtəlif sahələrdə, turizm, tikinti, həm də kənd təsərrüfatı sahələri sahibkarlarımızı maraqlandırır. Azərbaycanın 200-dən artıq şirkəti Gürcüstanda fəaliyyət göstərir. Potensial böyükdür, mövcud rəqəm daha da arta bilər".
A.Məmmədov Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsulların Gürcüstan bazarında əhəmiyyətli yer tutduğunu deyib: "Azərbaycan məhsulları bu ölkədə keyfiyyətinə görə tanınır. İstəyirdik ki, məhsullarımız Gürcüstan bazarının daha çox hissəsini tutsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB