Arçil Kekeliya: “Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi təxminən 500 milyon ABŞ dollarıdır”

Arçil Kekeliya: “Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi təxminən 500 milyon ABŞ dollarıdır”

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsində müsbət dinamika növbəti 5 ildə də davam edəcək. SİA-nın məlumatına görə, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycanın Türkiyədən sonra Gürcüstanın əsas ticarət tərəfdaşı olduğunu bildirən A.Kekeliya iki ölkə arasında ticarət dövriyyəsinin həcminin təxminən 500 milyon ABŞ dollar təşkil etdiyini vurğulayıb. Qarşılıqlı ticarət əməkdaşlığında müsbət dinamikanın müşahidə olunduğunu dilə gətirən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini iki ölkə arasında ticarət dövriyyəsinin hər il artdığını söyləyib.

 

O, Azərbaycan işadamları üçün Gürcüstanda münbit şəraitin yaradıldığını bildirib: "Gürcüstanda korrupsiyaya qarşı mübarizə aparılır. Vergilərin aşağı səviyyədə olması, sahibkarların bürokratik əngəllərlə qarşılaşmaması, lisenziyaların asanlıqla əldə olunması azərbaycanlı sahibkarlara imkan verir ki, ölkəmizə rahat şəkildə investisiya qoysun".

 

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini jurnalistlərə həmçinin bildirib ki, Azərbaycan hökumətinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstana əlavə vəsait ayırması məsələsi yaxın gələcəkdə həll olunacaq. Onun sözlərinə görə, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın aprelin 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Bakı-Tiflis-Qars layihəsi də müzakirə olunub. O, Çin və Qazaxıstan kimi ölkələrin layihənin icrasında maraqlı olduğunu dilə gətirib.

 

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu layihə çərçivəsində Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Karsi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Kredit 1 faizlə 25 illiyə nəzərdə tutulub. Ekspertlər hesab edir ki, Azərbaycan yol istismara veriləndən sonra ilk illərdə 50 milyon dollardan artıq gəlir götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə