Azərbaycanda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun iclası keçirilir
Bakıda Xəzər Dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, tədbirin açılışında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edib. O, qeyd edib ki, Azərbaycan Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun bu dəfəki görüşü zamanı əvvəllər razılaşdırılmamış bir sıra məqamları razılaşdırmağa nail olacağına ümidvardır: " Noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı ölkələrin rəhbərlərinin sammitindən sonra işçi qrupu bir sıra görüşlər keçirib ki, həmin görüşlər indiki iclasın təşkilinə kömək edib. Bu gün və sabah Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək, eləcə də Bakı sammiti zamanı qəbul edilən protokol və qərarların da müzakirə olunması planlaşdırılır".
X. Xələfov bildirib ki, hazırda Xəzəryanı dövlətlər arasında yaranan müsbət əlaqələr gələcəkdə ölkələr arasında münasibətlərdə ciddi sıçrayışların ilkin təməli ola bilər: "Xüsusən də enerji sektorunda bu daha çox özünü biruzə verə bilər. Xəzəryanı dövlətlərin ikitərəfli əməkdaşlıqları nəticəsində xarici investorların bu layihələrə cəlb edilməsi və eyni zamanda dünya bazarlarına enerji daşıyıcılarının çıxmasına yardım edəcək".
İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə Xəzəryanı ölkələrin ilin sonuna qədər dənizin statusuna dair konvensiya hazırlaya biləcəklərini deyib. Onun sözlərinə görə, İran bu konvensiyanın hazırlanması istiqamətində digər ölkələrlə konstruktiv əməkdaşlığa hazırdır: "Xəzəryanı ölkələrin prezidentləri bizdən ilin sonuna qədər dənizin statusuna dair konvensiyanın hazırlanmasını istəyiblər. Ümid edirəm ki, ilin sonuna - prezidentlərin Moskvada keçiriləcək sammitinə qədər bu konvensiya hazırlanacaq".
Məhəmməd Mehdi Axundzadə vurğulayıb ki, Xəzəryanı ölkələr hazırda iqtisadi sahədə bir-birilə əməkdaşlıq edirlər və onların əməkdaşlığının artırılması potensialı böyükdür: "Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzalayıblar. Biz bu potensialdan Xəzəryanı ölkələrin xalqlarının mənafeyi naminə istifadə edilməsinə çalışmalıyıq".
Qazaxıstanın işçi qrupdakı nümayəndəsi, xarici işlər nazirinin müavini Kayrat Sarıbay təmsil etdiyi dövlətin Bakı sammiti zamanı qəbul edilən protokol və qərarların Xəzərin Hüquqi Statusu istiqamətində atılacaq addımlara ciddi təsir etdiyini deyib. O, növbəti iclasın iyulda Astanada keçirilməsi barədə təkliflə çıxış edib: "Bizim tərəf eyni zamanda Xəzər dənizinin akvatoriyasının sərhədlərə bölünməsi və dəniz sərhədlərinin razılaşdırılması üzrə məsələlərə də baxmağı təklif edir. Həmçinin biz Xəzəryanı ölkələrin nərə növündən olan balıqların ovuna moratoriumun tətbiq edilməsini təklif edirik. Xəzər dənizinin su resurslarından bərabər istifadə, onların qorunması və inkişafı haqqında layihənin razılaşdırılmasının zəruriliyidə vacidbdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB