Qondarma andiçmə mərasimi Paşinyanın növbəti təxribatıdır - ŞƏRH ÖZƏL
“Əvvəla qeyd edim ki, Dağlıq Qarabağda keçirilən qondarma andiçmə mərasimi Paşinyanın növbəti təxribatıdır. Çünki Ermənistan daxilində kifayət qədər gərginlik var. Bu cür vəziyyətdə Paşinyan öz xanımını da götürüb, hələ bir hərbi paltar da geyindirməklə çalışır ki, Azərbaycan daxilində gərginlik yaratsın. Bu onun xislətindən doğan bir şeydir, ikincisi də bildiyiniz kimi Paşinyan babası ilə bağlı bir sıra problemlərlə üzləşib və məlum olub ki, onun babası da satqındır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Qarabağda indiyə qədər 20 il ərzində Ermənistanı Qarabağ klanı idarə edib və hazırda artıq ermənilərin özləri idarə etməyə başlayıb: “Həqiqətən də güclü qarşıdurma var. Əsas qarşıdurmanın mərkəzi Xankəndidədir. Şuşanı seçmək isə təsadüfi deyil. Araik Arutunyan elan edib ki, özlərinin əldəqayırma parlamentlərini Şuşaya köçürürlər. Bütün bu addımlarda məqsəd ondan ibarətdir ki, Paşinyan burada iki istiqamətdə işləmək istəyir. Həm sırf azərbaycanlılar yaşayan Şuşanı bilavasitə mənimsəmək üçün bu addımı atırlar, həm də bu yolla informasiya müharibəsində qalib gəlmək istəyirlər. İkincisi də onlar çox gözəl bilir ki, Xankəndində Paşinyan və dəstəsinin əleyhinə olan ermənilər onları ciddi qəbul etmirlər və heç biri Şuşaya köməyəcəklər. Bu addımla bir növ ağırlıq mərkəzini Xankəndindən Şuşaya köçürdülər. Yəni bu çox hiyləgər və düşünülmüş bir gedişdir. Amma bütün bunlara baxmayaraq gərək Azərbaycan ordusu öz sözünü desin. Onlar dəfələrlə Qarabağa səyahət edirlər. Ən azı Azərbaycan tərəfi bir kəşfiyyat qrupu göndərə bilər. İnanıram ki, bizdə kifayət qədər peşəkar gənclər var. Onlar Paşinyan bir dəfə Qarabağa gələndə vurmalıdırlar, əslində elə dünən vurmalı idilər. Kimlərsə qurban getməlidir ki, bu ermənilər məsələnin ciddiliyini dərk etsinlər”.
Politoloq bildirib ki, təəssüf ki, biz yenə də hər şeyi Prezidentdən gözləyirik: “Bunları Müdafiə Nazirliyinə Prezident deməlidir!? Bütün hallarda Azərbaycan ordusu sözünü deməli idi. Başqa bir məsələ də var ki, biz çalışmalıyıq ki, ermənilərin bu təxribatını bütün dünyaya bəyan edək. Mən BMT-nın Təhlükəsizlik Şurasından bir şey gözləmirəm. Çünki Fələstin-İsrail məsələsində ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Kelli dünən çox təhlükəli bir bəyanat verib və bildirib ki, BMT ancaq aylıq görüş yeridir. Yəni hamı sadəcə olaraq iclas keçirildi demək üçün yığışır buraya. Artıq bu sözdən sonra bizim ordu bu bəyanatdan istifadə edərək Dağlıq Qarabağda antiterror əməliyyatı aparmalıdır. Rusiyada da bu fikri çox səsləndirirlər”.
C.Nuriyev vurğulayıb ki, Ermənistan bir növ özünü Qərbə yamamaq üçün demokratik dövlət kimi görünməyə çalışır: “Əsas məqsəd ondan ibarətdir ki, onlar dünyaya bəyan etsin ki, biz demokratıq, lakin ermənilərin Azərbaycanın rəhbərliyi altında qalmasından ehtiyyat edirik, çünki orada insan hüquqları pozulur və.s. Onu da bizim radikallar əldə bayraq edir, amma başa düşmürlər ki, onların Azərbaycan dövlətinə qarşı attıqları bu addımlar vətənə xəyanətdən başqa bir şey deyil. Bəlkə də başa düşürlər. Ola bilər ki, kimdənsə xoşları gəlməsin, amma Azərbaycanda guya insan hüquqları pozulur, siyasi dustaqlar var kimi bəyanatlardan ermənilər çox gözəl yararlanır. Nəzərə alsaq ki, Bakıda 30 min erməni var və bu ermənilər bu günə qədər Azərbaycanın maraqlı ilə əlaqədar bir dənə də kəskin bəyanat verməyiblər. Onlardan kifayət qədər vəzifədə olanlar da var. Nə bu ermənilər səslərini çıxarmır, nə də özlərini müxalifət adlandıranlar bu məsələlərdə dövlətin yanında olmaq istəmirlər. Paşinyan da məhz bunlara görə “qudurub”, harınlayıb. Hər halda nə olursa olsun, onu yerində lazımınca oturtmaq lazımdır. Amma bunların hər birini soyuqqanlılıqla etmək lazımdır. Düzdür Şuşaya görə hər birimiz çox emosional danışırıq, amma siyasətçi emosional olmamalıdır. Çünki siyasət soyuqqanlılığı sevir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB