“Milli Şura”nın məlum biabırçı video konfransından sonra qurumun üzvləri Eldəniz Quliyev və Rafiq Manaflı “Milli Şura”dan istefa verdilər. Təbii ki, artıq “Milli Şura”nın növbəti parçalanması kimi qiymətləndirmək olar. "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Eldəniz Quliyev Azərbaycan ictimaiyyətində kifayət qədər tanınmış fiqurdur: “Mən onu siyasətçi adlandırmıram, çünki siyasətin əlifbasından belə xəbəri yoxdur. Ancaq ziyalı zümrəsində bir zamanlar hörmətə, izzətə layiq bir adam olub. Məncə belələrinin siyasət dünyasına baş vurmasında elə bir qəbahət olmazdı, əgər reallıqlara real gözlə baxmağı bacarsaydı. Təəssüf ki, o da Cəmil Həsənli kimi elmi fəaliyyətini, yaradıcı fəaliyyətini atıb girdi siyasət quyusuna və bu quyunun dərinliyində necə azıbsa, ha çabalayırsa çıxmağa yol da tapa bilmir. Onun “Milli Şura” adlanan millilikdən çox uzaq bir qurumda olması, özlüyündə utancverici fakt idi. Ən azı siyasi oyunlardan baş çıxarmasa da, məramı gün kimi aydın olan belə bir təşkilata üzv olmaq Azərbaycan ziyalısı adına yaraşmır. Hər halda rusların məşhur deyimi var, heç olmamasındansa, gec olması yaxşıdır. Bu baxımdan Eldəniz bəyin gec də olsa gerçəyi görüb həmin qeyri-milli bir qurumdan ayrılması, düşünürəm ki, müsbət haldır. Qaldı bu istefanın həmin qurumun növbəti parçalanmasının işarəti olmasına, məncə bu qurum de-fakto yoxdur. Təşkilat, qurum, birlik, adı nə olursa olsun eyni düşüncəyə malik insanların birgə fəaliyyəti kimi xarakterizə olunur. Haqqında danışdığınız o biabırçı onlayn konfrans isə bir daha göstərdi ki, belə bir qurum sadəcə fondur, xaricdən pul əldə eləmək üçün bir vasitədir. Bütöv olmayan bir şeyin isə parçalanmasından danışmağa dəyməz”.
“Videokonfransda tərəflər bir-birini satqınlıqda, xəyanətdə günahlandırdılar və Gültəkin Hacıbəyli sərt şəkildə əqidə dostlarına qarşı ittihamlar irəli sürdü. Bu qarşılıqlı ittihamlar daha da dərinləşəcəyini demək olar” sualına cavab olaraq T.Novruzov bildirdi ki, “Milli Şura” adlandırdıqları bu başa bəla toplumda qarşılıqlı ittihamlar yaranandan bu günə qədər olub, var və hər zaman da olacaq: “Çünki hansısa əqidə, məslək naminə deyil, pul, mal, mülk naminə yaranan istənilən toplumda belə qarşıdurmaların olması qaçılmazdır. Gültəkin Hacıbəyli Milli Məclisin deputatı olanda hamını bu iqtidar ətrafında sıx birləşməyə çağırırdı. Elə ki, bunu deputat seçmədilər, döndü oldu bu iqtidara düşmən. Və bu da xalqın gözləri qarçısında baş verdi. Bütün mübarizəsini şəxsi mənafelər üzərində quran birinin cəmiyyətə hansı xeyri dəyə bilər? Cəmiyyətə xeyir verməyi düşünməyən birinin isə istənilən toplumda aşağılanması qaçılmazdır. Əslində Gültəkin Hacıbəyli özünün aşağılanmasından əsəbləşdi və ittihamlar, bəzən hətta təhqirlər səsləndirməkdən çəkinmədi. Təbii ki, onun bu ittihamlarına həmin konfransda bəzi reaksiyalar verildi. Amma ən ciddi reaksiyalar zaman-zaman veriləcək .Ən azı əgər haqlarında ittihamlar səsləndirilən həmin siyasətbazların az-çox qürurları varsa, bu baş verməlidir. Bu baxımdan qarşılıqlı ittihamların daha da dərinləşəcəyini deməyə tam əsas var”.
“Sizcə, “Milli Şura” da baş verən qarşıdurmalar Əli Kərimlinin hazırladığı bir layihə ola bilər” sualına cavab olaraq T.Novruzov bildirdi ki, Bunu deməyə əlimdə konkret əsas yoxdur. Amma Əlini yaxşı tanıdığımdan, dabbaxdakı dəfələrlə dəyişən və yığılıb qalan gönünə yaxşı bələd olduğumdan istisna da etmirəm: “Bu adam həyatı boyu qurmağa, yaratmağa, birləşdirməyə meyli olmadığını əməlləri ilə ortaya qoyub. Onun ən yaxşı bacardığı iş məhz dağıtmaqdı, uçurmaqdı, parçalamaqdı. Azərbaycanın Azadlığı uğrunda mübarizənin öncülü olmuş Azərbaycan Xalq Cəbhəsini, Əbülfəz Elçibəyin vəfatından sonra neçə hissələrə parçaladığı gözümüz önündə baş verib. Ona görə, bu “parçalanma oyunu”nda da onun əli olduğunu deməyə yetərincə arqument var. Ola bilsin ki, bu başabəla toplumun xaricdən nəsə maliyyə əldə etmək imkanı yaranıb və həmin maliyyəni ələ keçirmək üçün Əli belə bir oyun qura bilər. Öyrəşmişə tövbə yoxdu, deyib atalar. Bu adam da parçalamağa öyrəşmiş adamdı. Parçalamasa dözə bilməz. Ola bilsin ki, növbəti parçalama ssenarisini “Milli Şura” adlanan qurum üzərində yazıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB