BDM Xocalı abidəsinin önündə aksiya keçirib

BDM Xocalı abidəsinin önündə aksiya keçirib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvəti ilə Türkiyənin İqdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy başda olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdədir. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində "24 aprel sözdə yalançı erməni soyqırımı" ilə bağlı Xətai rayonu ərazisində yerləşən Xocalı abidəsinin önündə aksiya keçirilib. Aksiyanı giriş sözü ilə açan BDM-in aparat rəhbəri Samir Adıgözəlli hər 24 aprelin ermənilər tərəfindən saxta soyqırım kimi tanıdılmasına etiraz əlaməti olaraq bu aksiyanı keçirdiklərini bildirib.


Daha sonra İqdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz çıxışlarında ermənilərin tarix boyu türklərə qarşı soyqırım həyata keçirdiyini, Azərbaycan torpaqlarını işğal etdiyini qeyd edib onların özlərini məzlum və soyqırıma məruz qalmış bir xalq kimi dünyaya tanıtmalarından danışıblar. Aksiyada BDM, MQF, QAT və Vətən Müharibəsi Veteranları Birliyinin fəalları da iştirak ediblər. "Saxtakar erməni", "Qatil Sarkisyan" və "Qarabağa azadlıq" kimi şüarların səsləndirildiyi aksiyanın sonunda iştirakçılar adından Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt təşkilatının sədri, MQF-nin Sumqayıt üzrə koordinatoru Mübariz Quliyev tərəfindən bəyanat səsləndirilib.


İqdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy və nümayəndə heyəti Sumqayıt şəhərində yerləşən Təfəkkür Litseyində uşaq parlamentinin üzvləri ilə, İnformasiya Texnologiyaları Akademiyasında Qarabağ tədqiqatları mərkəzinin idarə heyətinin üzvləri ilə və Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatının rəhbərliyi ilə görüşlər keçirilib. Görüşlərdə Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə olunmuş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.


Keçirilən görüşlərdə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni də iştirak etmişdir. Sonda Göksəl Gülbəy Azərbaycana dəvət etdiyinə və keçirilən tədbirlərin təşkilinə görə BDM sədri İsmayıl Ağayevə təşəkkürünü bildirib. Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy və nümayəndə heyətinin səfəri Aprelin 28-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə