Əli Kərimli Cəmil Həsənlinin “dalından” necə dəydi? ANALİTİK

Əli Kərimli Cəmil Həsənlinin “dalından” necə dəydi? ANALİTİK

Onun “Milli Şura”nın müqəvva sədrini uzaqlaşdırmaq planları bəlli oldu

AXCP sədri Əli Kərimlinin özünü müxalifətin “vahid lideri” kimi təqdim etməsi üçün hətta ən yaxın çevrəsini belə qurban verməsi kimsəyə sirr deyil. Təkcə hazırkı dövrə qədər istər AXCP-nin, istərsə də “Milli Şura”nın cinahlarından səsli-küylü istefaları, verilən bəyanatları xatırlayarsaq, Ə.Kərimlinin hansı məqsədlərə xidmət etdiyinin bir daha şahidləri olarıq.

Ancaq o da sirr deyil ki, “Milli Şura” yaranan dövrdən başlayaraq, AXCP sədri bu qurumun sükanını öz əlində saxlamaq üçün dəridən-qabıqdan çıxırdı. Rüstəm İbrahimbəyovun sədrliyi fiaskoya uğradıqdan sonra quruma Cəmil Həsənlinin sədr seçilməsi də əslində Ə.Kərimlinin maraqlarına cavab vermirdi. Düzdür, o özünün əsas düşməni – Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin “Milli Şura”dan uzaqlaşmasına nail olsa da, C.Həsənli kartından öz maraqları üçün istifadə edərək, “liderlik” missiyasını dolayı yollarla özü icra etmək imkanını qazandı. Əbəs deyil ki, bir çoxları “Milli Şura”nın dirijoru olaraq məhz Ə.Kərimlini görür, C.Həsənlini isə sadəcə, müqəvva sədr olaraq tanıyırlar.

“Milli Şura”nın sədrlik postunu rəsmən öz adına yazmağa çalışır

Digər tərəfdən, AXCP sədri C.Həsənlinin arxa planda qalması üçün dəfələrlə cəhdlər göstərib. Məhz bu gün də eyni hal davam edir. Məsələ həm də ondadır ki, artıq radikal düşərgənin kuluarlarında C.Həsənlinin ABŞ-dan bir daha geri qayıtmayacağı barədə söhbətlərə start verilib. Bu söhbətlərin əsasını isə bilavasitə AXCP sədri qoyub. Yəni bu mövzunu ortaya atmaqla, “Milli Şura”nın sədrlik postunu rəsmən öz adına yazmağa çalışır. Hətta C.Həsənlinin 8 aydır ki, ABŞ-da oturub, “siyasət” aparması, okeanın o tayından “Milli Şura”nın virtual toplantılarına qatılması da əslində Ə.Kərimlinin əlinə oynayan kart kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, daha bir məqam budur ki, hazırda Ə.Kərimlinin sədrlik postunu zəbt etməsi marağını dəstəkləyənlər də virtual toplantılara qatılan “Milli Şura”nın koordinasiya şurasının üzvləridirlər. Çox yəqin ki, cəbhəçilərin sədri onlara da müəyyən öhdəliklər boyun olub. Əbəs deyil ki, bu gün “Osmanqızı tv”, “Azərbaycan saatı” və s. internet üzərindən yayımlanan sifarişli canlı yayımların əsas, hətta gündəlik “siması” Ə.Kərimlidir. Bu adam demək olar ki, günaşırı şəkildə həmin verlişlərə çıxır, yalnız AXCP sədri kimi deyil, həm də “Milli Şura”nın adından, qərarlarından danışır, bu vasitə ilə C.Həsənlini uzaqlaşdırır.

Eldəniz Quliyev: “Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”

Daha bir ilginc məqam budur ki, bəlli ittihamları ilə “Milli Şura”dan istefa verən Eldəniz Quliyev də C.Həsənlini ittiham edib və onu qorxaqlıda suçlayıb və çox yəqin ki, buna görə hətta “Milli Şura”da olmasa belə, AXCP sədri Ə.Kərimlidən “mükafatını” alacaq. Belə ki, C.Həsənlinin əqidə mutasiyasına uğradığını deyən E.Quliyev keçmiş sədrinin ABŞ-dan, ümumiyyətlə, qayıtmayacağına da eyham vurub: “Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir. Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burada olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”.

Əhməd Oruc: “Bu qurumun fəxri sədri Rusiyada, hüquqi sədri Amerikada, amma real sədri Əli Kərimli Azərbaycandadır”

Göründüyü kimi, Ə.Kərimlinin C.Həsənliyə qarşı başlatdığı uzaqlaşdırma kampaniyası onun istədiyi kimi gedir. Hətta bu məsələni “Milli Şura” təmsil olunmayan “Azadlıq” partiyasının sədri Əhməd Oruc da mətbuata açıqlamasında bildirib. “Cəmil bəy Amerikaya getdikdən sonra ritorikasında xeyli sərtləşib”, deyən müxalifət partiyasının sədri eyni zamanda ona görə ölkəyə qayıtmağa tərəddüd etdiyini bildirib. “Bu qurumun fəxri sədri Rusiyada, hüquqi sədri Amerikada, amma real sədri Əli Kərimli Azərbaycandadır”, deəyn Ə.Oruc əslində nəyin-necə olduğuna kifayət qədər eyham vurub.

Bütün bu olaylardan bu cür nəticə hasil etmək olar ki, artıq Ə.Kərimli də “Milli Şura”nın hər hansı bir uğura imza atmayacağını, hətta ölü qurum olmaqla yanaşı, fiaskoya uğrayacağını dərk edir. Amma “müxalifətin vahid lideri” adını əldə etmək üçün, ona hətta ölü qurum da bəs edir. Təki C.Həsənlini tezliklə uzaqlaşdırsın və sonradan “Milli Şura”nın buraxıldığını elan edərək, yeni adda özünün sədri olduğu növbəti azömürlü qurum yaratsın.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə