Xanhüseyn Kazımlı: "Macarıstan parlamentində Xocalı soyqırımı barəsində dinləmələrin keçirilməsi planlaşdırılır"
Macarıstan parlamentində Xocalı soyqırımı barəsində dinləmələrin keçirilməsi planlaşdırılır. Bu sözləri SİA-ya açılamasında Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Sosial Rifah Partiyasının sədri, professor Xanhüseyn Kazımlı deyib.O, qeyd edib ki, dinləmələrin keçirilməsi üçün təklif Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni seçilən sədri tərəfindən gəlib: "Əvvəllər Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri yaşlı millət vəkili idi. Hazırda isə dostluq qrupuna yeni və fəal bir gənc seçilib. Təklifdə məhz bu gənc tərəfindən gəlib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu barədə mənə məlumat verdi. Hazırda təklifi həyata keçirmək üçün danışıqlar aparılır. Fikrimcə, təklifi ciddiləşdirmək üçün Macarıstan parlamentinin rəhbərliyini Azərbaycana dəvət etmək lazımdır. Çünki bu bir günlük məsələ deyil və müəyyən vaxt tələb edir".
Millət vəkili hesab edir ki, Budapeşt parlamentində Xocalı soyqırımı barəsində dinləmələr həyata keçirilsə, Avropaya erməni vandalizminin əsl siması bəlli olar: "Bilirsiniz, bu səmimi təklif onlar tərəfindən gəlib. Biz də bunu dəyərləndirməliyik. Bu gün Budapeştdə olacaq, sabah Praqada, Bratislavada, Varşavada səslənə bilər bu təkliflər. Dünya ermənilərin törətdiyi qətllərin şahidi olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB