Və ya “Milli Şura”nın süqutundan hansı nəticələri çıxardıq?
İctimai rəy son bir günlər “Milli Şura”nın “zoom” - virtual iclaslarında adıçəkilən qurum təmsilçilərinin, rəhbərliyinin hansı “səviyyəyə” malik olduqlarının növbəti dəfə şahidi oldu. İlk başdan qeyd etmək olar ki, oraya toplaşanların müxtəlif hadisələrə normal yanaşmaq imkanları ümumiyyətlə sıfıra bərabərdir. Humanizm prinsiplərindən tutmuş siyasi davranışlara və s. çoxsaylı amillərə qədər hər şeyin sözün əsl mənasında əxlaqsızlıq, özündənmüştəbehlik, ironiya üzərində qurulan “Milli Şura” rəhbərliyindən zatən başqa hər hansı cəhətləri gözləməyə də dəyməzdi. “Yalnız biz haqlıyıq” tipli hay-həşirlə özlərini zorla siyasi gündəmdə sırımağa çalışan “başbilənlər” bu dəfə də rüsvay oldular.
Bu yığnaq daim “xalq”, “millət” pərdəsi altında xalq faktorundan sui-istifadə edərək, əslində özlərini xalqdan təcrid edib
SİA araq xatırlada bilərik ki, bu günə qədər başda AXCP sədri Əli Kərimli olmaqla onların hər birinin - Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Vidadi Mirkamalın, artıq istefa vermiş Eldəniz Quliyevin, Rafiq Manaflının və başqalarının ayrı-ayrılıqda cəmiyyətdə ikrah oyadacaq əməlləri dəfələrlə ifşa olunub. Ən başlıcası isə, bu yığnaq daim “xalq”, “millət” pərdəsi altında xalq faktorundan sui-istifadə edərək, əslində özlərini xalqdan təcrid edib. Xalq onlar üçün sadəcə, uğursuz mitinqlər, aksiyalar üçün lazımdır və bu reallıq bir daha özünü sözügedən “zoom” toplantılarında sübuta yetirmiş oldu. Misal üçün, çoxsaylı ayamalarına “eşkiya” (quldur) ləqəbini də qazanan bu yığnağın həmin ləqəbi necə qazanmasını ardıcıllıqla bir daha təhlil edə bilərik.
Beləliklə xatırladaq: qurumun əsas idarəçisi – AXCP sədri Əli Kərimli virtual toplantılarında bildirib ki, axşam “Osmanqızı” internet televiziyasına müsahibə verəcək. Koordinasiya mərkəzinin üzvü Vidadi Mirkamal isə deyib ki, müsahibəni bir qədər tez vermək lazımdır: “Bu gün “Eşkiya dünyaya hökmdar olmaz” serialı veriləcək. Saat 21:00-da anonsu, 22:00-da serial başlayır. İnsanların 90 faizi ona baxır. Müsahibəni tezləşdirmək lazımdır...”
Ə.Kərimli “O nədir, nə dediniz?” deyə sual ünvanlayıb.
V.Mirkamal da bildirib ki, həmin serialı Türkiyə yayımlayır: “Bu serial müddətində müsahibə olarsa, baxış azalacaq”.
AXCP sədri isə gülərək “İşimizə bax daa bizim” deyə replika atıb.
“Milli Şura”nın koordinasiya mərkəzinin digər üzvü G.Hacıbəyli isə “Bir millət ki “Eşkiya”ya baxacaq, onda getsin...” deyərək, təhqirsayağı münasibət bildirib.
Serialı Əli Kərimlinin sərsəm fikirlərinə dəyişmək istəməyən trolları
Bəs buradan hansı məqamları nəticə olaraq çıxara bilərik? İlk öncə, sübut olunur ki, “Milli Şura”nın tərəfdarları belə, adi bir serialı onlardan daha üstün tuturlar və Ə.Kərimlinin, yaxud digərlərinin harada nə danışmaları onlar üçün heç bir maraq kəsb etmir. Eyni zamanda, o da bəlli olur ki, onların trolları da layklar qoymaq, rəylər yazmaq üçün maraqlı deyillər və hətta serialın bir saniyəsini belə, heç vaxt Ə.Kərimlinin sərsəm fikirlərinə dəyişməzlər. Yəni bu faktdır və belə olmasa idi, V.Mirkamal bəlli fikrini toplantı iştirakçılarına çatdırmazdı. Demək, buradan bir daha aydın olur ki, onar üçün xalq amili mövcud deyil və xalq öz sosial-məişət həyatını bunların axmaq, sərsəm fikirlərinə görə dəyişməli, zorla “Osmanqızı” və s. kimi internet televiziyalarındakı çıxışlarına baxmalı, üstəlik bunu etməsələr, təhqirlərə məruz qalmalıdırlar (?!-R.R.)
Gültəkin Hacıbəyli sübut etdi ki, onun tin jarqonu ilə danışan küçə uşaqlarından qətiyyən heç bir fərqi yoxdur
Əbəs deyil ki, bütün baş verənlərdən sonra ölkənin iqtidarlı-müxalifətli şəxsləri, habelə sadə ictimai rəyi onlara qarşı haqlı ittihamlar irəli sürür, hiddət bildirirlər. Çünki belə davranış yalnız xuliqan, tərbiyəsiz, əxlaq sarıdan kasad olan fərdlər tərəfindən göstərilə bilər. Bu gün özünü az qala “Müqəddəs Tereza ana”, “əzabkeş” və “məsum” Azərbaycan qadını kimi sırıyan G.Hacıbəyli sübut etdi ki, onun tin jarqonu ilə danışan küçə uşaqlarından qətiyyən heç bir fərqi yoxdur.
Çünki fakt budur ki, məşhur serialı izlədiyinə görə “Azərbaycan xalqının canı cəhənnəmə”, yaxud “getsin hoppansınlar” deməkdən belə çəkinmir!
Cəmil Həsənli ABŞ-da hansı qadınla “elmi işlə” birgə məşğuldur?
Qoca professor C.Həsənli isə yuxarı başda oturaraq, kadra düşən qadının kimlyini gizlədəndən sonra bütün olanlardan razı qaldığını bildirir. Əslində bir müddət sonra C.Həsənli buna da öz təbirincə aydınlıq gətirməli olacaq, həmin qadının “elmi işində” “referant” olduğunu iddia edəcək, hətta “Bir cənub şəhərində” adlı filmində olduğu kimi, “klyanus ya yeşo malçik” ifadəsini işlədərək, “yorğa at” olmadığını, əksinə özünün nə qədər “təmiz”, “vicdanlı” olması görüntüsünü yaradacaq. Yəni onun ABŞ-da heç də “elmi işlərlə” məşğul olması ümumiyyətlə inandırıcı görünmür. Ən gülməlisi isə budur ki, sözügedən yığnağı “iş başına”, “klaviatura arxasına” çağırıb, G.Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlmək” utoiyasını təbliğ etmək təklifini verir.
Əli Kərimlinin “zaryadkasını” hakimiyyət bitirib?
Daha bir sirk şousu özünün “bkokadada” olduğunu bağıran, ancaq “zoom” toplantıya qatılan, ardınca isə “zaryadkasının” qurtardığını deyərək, aradan çıxan Ə.Kərimli ilə bağlıdır. Ona həmin vaxt imkan verilsəydi, hətta “zaryadkasının” bitməsini belə, dərhal hakimiyyətin üzərinə yıxar, bu dərəcədə də həyasızlığa yol verərdi.
Bəli, nəticə etibarı ilə əminliklə deyə bilərik ki, söyüş şəbəkəsinin başında bu ünsürlər yığnağı dayanır. Sübut olundu ki, yalnız üzə çıxan bu toplantı görüntüləri deyil, əvvəlki toplantılarında da bunlar küçə təfəkkürü ilə çıxışlar ediblər. Artıq bu ənənə çoxdandır ki, varıymış, sadəcə indilərdə üzə çıxmağa başladı. Üzə çıxdı və ifşa olundular. İndi qalır onların yalanlarına, şər-böhtanlarına illərdir ki, inanan kəsimə. O kəsimə ki, haray-şivən “liderlərinin” bataqlıq girdablarında ilişib-qalıblar – onlar anlamalı və dərk etməlidirlər ki, bu ünsürlərlə yola çıxılmaz, bu yol onları bilavasitə əxlaqsızlığa, siyasi məhvə doğru sürükləyir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB