“Milli Şura” - siyasətsizliyin və mənəviyyatsızlığın acı sonu TƏRS BAXIŞ

“Milli Şura” - siyasətsizliyin və mənəviyyatsızlığın acı sonu TƏRS BAXIŞ

Yaxud, heç bir sağlam düşüncəli şəxs bu quruma ciddi nəzərlərlə baxa bilməz!

“Milli Şura”nın son nəfəsdə olması artıq kimsəyə sirr deyil. Ümumiyyətlə, qurumun məlum zoom toplantısında baş verən reallıqlar – siyasət üzərində qurulmuş uğursuz şou göstərisi nəinki sadə ictimai rəydə, eləcə də müxalifət düşərgəsində kəskin qınaq hədəfinə çevrildi. Çünki məsələ həm də qaragüruhçu qrupun iqtidarla yanaşı, müxalifətdə olan partiyalara qarşı kirli kampaniyalar aparmasındadır. Əbəs deyil ki, REAL, Müsavat kimi təhqirlərə məruz qalan partiyalar bu məsələni elə-belə buraxmayacaqlarını müxtəlif üsullarla bəyan etdilər. Məsələn, Müsavat partiyasının başqanı Arif Hacılı və müavinləri “Milli Şura”nın qurama sədri Cəmil Həsənli başda olmaqla hər kəsin üzr istəməli olduğunu bildirdi. REAL-ın icraçı katibi Natiq Cəfərli isə qarşı tərəfin səviyyəsinə enmək istəmədiyini deyərək, “Milli Şura”nın zoom toplantısından sonra zatən siyasi məhvə uğradığına eyham vurdu.

“Milli Şura”nın “qatarı” çoxdan gedib, eşidilən isə sadəcə həmin “qatar” təkərlərinin yararsız, təsirsiz “taqqıltısıdır”...

Ancaq bu da son deyil. Belə ki, virtual toplantı zamanı və ondan sonra yaşanan məlum olaylar, xüsusilə cinsi azlıqlar üzərində baş verən daxili qalmaqallar, Eldəniz Quliyevin istefası və ittihamları da belə deməyə zəmin yaradır ki, artıq “Milli Şura”nın “qatarı” çoxdan gedib, eşidilən isə sadəcə həmin “qatar” təkərlərinin yararsız, təsirsiz “taqqıltısıdır”...

Yeri gəlmişkən, bu arada bir sıra müxalifət partiyaları təmsiçiləri də C.Həsənlinin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Rafiq Manaflının, Eldəniz Quliyevin Qənimət Zahidin, Vidadi Mirkamalın, İbrahim İbrahimlinin və sairlərin şou toplantılarına müxtəlif səpgili rəyləri, münasibətləri ilə yadda qalıblar.

MMP sədri Hafiz Hacıyev: “Biri qaçıb Vaşinqtonda özünə bığ qoyub, digəri yalandan ev dustağıyam deyə özünü evdə “intihar” edib”

SİA həmin fikirlərin bir qismini bir daha təqdim edir. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Milli Şura”nı juliklər şurası adlandırıb və bildirib ki, “Milli Şura deyilən qurum çox şişirdilir. SİTAT: “Həmin qurumda 5-10 nəfər julik yığışıb, mənim üçün onlar juliklər şurası idi. Mən bu məsələ ilə əlaqədar dəfələrlə öz müsahibələrimdə demişəm. Çünki onlar əqidə cəhətdən kasad, xaricə satılmış və vaxtilə müəyyən hakimiyyətlərin qollarına xidmət etmiş insanlar olub”.

MMP sədrinin sözlərinə görə, onların da yiyələri artıq bildiyiniz kimi müəyyən yerdə yoxdur: “Ona görə də onların iflası gözlənilən idi. Lakin düşünürəm ki, heç bir işə yaramayan, indiyə kimi heç bir fəaliyyəti olmayan qurumun iflasından danışmağa da dəyməz. “Milli Şura” indiyə kimi dövlət, xalq üçün nə edib ki..?”.

H.Hacıyev bildirib ki, dövlətə, müstəqilliyə, Elçibəyə xəyanət edən insanların axırı yaxşı olmayıb, olmayacaq da: “Onların bu cür məhv olması labüd idi. Biri qaçıb Vaşinqtonda özünə bığ qoyub, digəri yalandan ev dustağıyam deyə özünü evdə “intihar” edib. Zənnimcə bunların hər biri mənasız məsələlərdir. Ona görə də onlar parçalana-parçalana gedəcəklər. Onsuz da dağılmış yerin nəyi dağılmalıdır ?”.

Politoloq Qabil Hüseynli: “Cinsi azlıqlar məsələsində vay-şüvən qoparıb qarşıdurma yaradanlar, cəmiyyətin əxlaqi dəyərlərinə hörmətsizlik göstərən bu şəxslər sözün həqiqi mənasında öz içlərində ciddi şəkildə qınanıblar”

Politoloq, Müsavat partiyasının sabiq funksioneri olmuş və qaragüruhçu düşərgəni daha dərindən tanıyan Qabil Hüseynli isə hesab edir ki, “Milli Şura özünün bir zamanlar inandığı və müdafiə etdiyi ideoloji konsepsiyadan xeyli uzaqlaşıb: “Bu gün ciddi, milli xarakterli, ideoloji dəyərləri təbliğ etmək əvəzinə, liberalizmin bütün dünya tərəfindən qəbul edilməyən bir sıra dəyərləri qarşısında, xalqın milli dəyərlərinin geri çəkilməsi, artıq bu qurumun konseptual xəttindəki ciddi əyintilərdən xəbər verir”.

Onun sözlərinə görə, pandemiyanın tüğyan etdiyi bir zamanda xalqımızın qarşısında duran ciddi məsələlərin müzakirə edilməsi əvəzinə, özlərinin daha ciddi məsələləri olduğu haqqında cinsi azlıqlar məsələsində vay-şüvən qoparıb qarşıdurma yaradanlar, üstəlik də cəmiyyətin əxlaqi dəyərlərinə hörmətsizlik göstərən bu şəxslər sözün həqiqi mənasında öz içlərində ciddi şəkildə qınanıblar: “Eldəniz Quliyev, Rafiq Manaflı kimi koordinasiya üzvlərini itirdilər və indi həmin şəxlər tərəfindən də ciddi qınaq obyektinə çevriliblər. E.Quliyev artıq istefasının səbəblərindən danışmaqla qurumun daxilində nə qədər hərc-mərcliyin, müzakirə edilən məsələlərin hansı səviyyədə olduğunu açıqca bəyan edirlər. Yəni bu qurumun həm ideoloji, həm siyasi cəhətdən tükənməsinə bir işarədir. Qurum son zamanlar ümumiyyətlə zəifləyib. İndi də tanınmış üzvlərini itirməklə ilmə-ilmə çözülməyə başlayıblar”.

GAP sədri Ağasif Şakiroğlu: “AXCP sədri Əli Kərimli uzun illər LGBT üzvü olması ittihamı ilə üz-üzə qalmış, müxtəlif zamanlarda müxtəlif adamlar tərəfindən aşağılanmış və təhqir olunmuş biridir”

“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verməsindən sonra artıq ötən gün Milli Şuranın üzvü Rafiq Manaflı da qurumdan istefa verib. O bununla bağlı hətta “facebook” səhifəsində rəsmi bəyanatını da yayıb”. Bunu isə açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

“Ümumiyyətlə “Milli Şura” adlanan o qurum mənim üçün mövcud deyil. Ümid edirəm ki, Azərbaycan cəmiyyəti də belə düşünür. Mövcud olmayan bir qurum haqqında da danışmaq və ona vaxt sərf etmək absurddur. Qeyd edim ki, “Milli Şura” 2013-cü ilin avqust ayında 10-na yaxın siyasi partiyanın iştirakı ilə yaradılıb. Həmin o 10-na yaxın siyasi partiyadan artıq 9-u “Milli Şura”nı tərk edib. Açığı desək, o gündən etibarən “Milli Şura” yoxdur. Sadəcə qurumu “Demokratik Qüvvələrin Milli Şurası” adı ilə təsis edirlər. Bir ağıldan kəm insan həmin dönəmdə bir-iki ay qeyri-rəsmi “prezident” titulu almaq istəyirdi, hətta özü kimi bir neçə ağıldan kəm adamın ona “cənab prezident” deyə xitab etməsindən zövq alırdı. “Milli Şura” adlı qurumu da bu formada saxlamağa çalışdılar. Artıq o ölü qurumdur. 2014-cü ilin yanvarından bu adda bir qurum yoxdur. Orada 10-15 nəfərin cəmləşərək bir klub şəklində fəaliyyət göstərməsini də Azərbaycan cəmiyyəti ciddi qəbul etmir”, deyə, partiya sədri fikrini tamamlayıb.

A.Şakiroğlu həmçinin əlavə edib ki, “Milli Şura” rəhbərliyinin zoom proqramı vasitəsilə baş tutmuş video-konfransında nasizimə, Hitler Almaniyasının cinsi azlıq üzvlərinə qarşı törətdiyi ağır cinayətlərə haqq qazandırması, LGBT üzvlərini və xüsusilə də müstəqil jurnalist İsmayıl Cəlilovu təhqir etməsi olduqca iyrəncdir! Məgər “Milli Şura” adlı qurum iki üzlü siyasət aparır? Aparırsa açıq elan etsinlər! Axı necə ola bilər ki, “Milli Şura” bütün dünyaya, xalqa liberal-demokratik dəyərlər uğrunda mübarizə apardığını bəyan etsin, bağlı qapılar arxasında isə özünü mühafizəkar formada apararaq təhqirə, söyüşə yol verərək alman faşistlərinə haqq qazandırmış olsun... Budur səmimiyyət, budur xalqa açıq siyasət aparmaq?!

Son olaraq “Milli Şura”nın kordinasiya mərkəzinin üzvlərinin diqqətinə çatdırmaq istəyirəm ki, hər hansı bir ifadəni seçməmişdən öncə bir siyasi qurum olaraq düşünməlidirlər. Düşünməlidirlər ki, elə “Milli Şura”nın kordinasiya mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli uzun illər LGBT üzvü olması ittihamı ilə üz-üzə qalmış, müxtəlif zamanlarda müxtəlif adamlar tərəfindən eyni (Milli Şuranın bu gün tətbiq etdiyi) üsulla aşağılanmış və təhqir olunmuş biridir. Hər halda Milli Şura və AXCP rəhbərliyi məhz Əli Kərimlinin evi qarşısında “mavi-mavi masmavi” şarkısını oxuyan səviyyə sahiblərini unutmamalı idilər...Görünən isə odur ki, unutmaları bir yana qalsın, hətta özləri də həmin o “səviyyəyə” enməyi özlərinə ar bilməyiblər... Çox təəssüf!”.

Bu kimi bənzər açıqlamalar, münasibətlər artıq kifayət qədərdir və söz yox ki, bundan sonra da sərt ittihamlar, hiddətli münasibətlər davam edəcək. Lakin daha bir fakt budur ki, oradakılar utanmaq, ictimaiyyət arasına çıxmamaq yerinə, həyasızlıqla özlərini “təmizə çıxarmağa” cəhdlər göstərirlər. Amma bu da boş yerədir. Fakt budur ki, artıq onların içlərində olanlar, hətta qurumun fəaliyyətində ən çox xidmət göstərən şəxslər istefa verirlərsə, artıq nə müqəvva sədr Cəmil Həsənli, nə onun boyuna ip salıb, istədiyi tərəfə çəkən Əli Kərimli, nə “sentyabrın 25-də mən hakimiyyətə gələcəyəm” kimi sərsəm, gülünc ifadələri ilə sözün əsl mənasında ətlər tökən Gültəkin Hacıbəyli, nə Fransada Soros və erməni lobbisinin pulu ilə dolanan Qənimət Zahid, nə ABŞ-da xarici kəşfiyyat xəfiyyələrinin qucaq sevgililərinə çevrilən Sevinc Osmanqızı nə də digərləri bunu edə bilməyəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə