"Xalqımız bu əməkdaşlığı hər iki ölkə üçün olduqca əhəmiyyətli hesab edir" ÖZƏL-MÜNASİBƏT

"Xalqımız bu əməkdaşlığı hər iki ölkə üçün olduqca əhəmiyyətli hesab edir" ÖZƏL-MÜNASİBƏT

"ABŞ prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 may Respublika Günü münasibətilə göndərdiyi məktubda Amerika-Azərbaycan əlaqələrini xatırladır və ölkəmizdə aparılan işləri qeyd edərək, hər zaman dəstək verəcəyini ifadə edir. Qeyd etmək lazımdır ki, iki ölkə arasında əməkdaşlığın tarixi 20-ci əsrin əvvəllərinə, xalq cümhuriyyəti dövrünə düşür. Həmin dövrdə Bakıda Amerika Birləşmiş Ştatlarının nümayəndəliyi açılmışdı. Müstəqillik illərində isə ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində enerji, iqtisadiyyat, müdafiə, təhlükəsizlik , nəqliyyat-loqistika və digər sahələrdə sıx əməkdaşlığın əsası qoyulub". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Amerikanın və müttəfiqlərinin yaxından göstərdiyi dəstək nəticəsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP kimi layihələr icra olunub: "Ştatlara məxsus 150-dən çox şirkət Azərbaycanda çalışır, milyardlarla ölkə iqtisadiyyatına sərmayə qoyulub. ABŞ Dağlıq Qarabağ konfliktinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üzvüdür. Azərbaycan Xəzər ölkələri arasında ilk ölkədir ki, öz enerji resurslarının işlənməsi üçün ABŞ-la birlikdə digər ölkələrə şərait yaradıb. Beynəlxalq terrorla mübarizədə Amerikanın təşkil etdiyi koalisiya qüvvələrinin tərkibində təhlükəsizliyə öz töhfəsini verir. NATO qüvvələrinin Əfqanıstanda məskunlaşmış qüvvələrinin təchizatı üçün ölkəmizin hava məkanından istifadə edilir. Eyni zamanda hər iki ölkələrin qanunverici orqanları arasında da əməkdaşlıq mövcuddur. Azərbaycan dünyaya açıq ölkə olaraq, Ermənistan istisna olmaqla, bütün ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurmuşdur və təbii olaraq bunların içərisində ABŞ kimi güclü, hər tərəfli inkişaf etmiş ölkənin özünəməxsus xüsusi yeri vardır. Prezident İlham Əliyev bu münasibətlərin inkişaf etdirilməsinə ciddi əhəmiyyət verir və Donald Trampın da yazdığı məktubda, Azərbaycanın və onun Liderinin dünya siyasətindəki rolu qiymətləndirilir. Xalqımız bu əməkdaşlığı yüksək qiymətləndirir və hər iki ölkə üçün olduqca əhəmiyyətli hesab edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə