Millət vəkili: "Türkiyəni və Azərbaycanı ayrılıqda narahat edən problemlər ortaq məsələlərdir və biz də eyni mövqedəyik"
"Azərbaycan ermənilərin Türkiyəyə qarşı iddia etdiyi qondarma "soyqırımı" məsələsinə öz problemi kimi baxır. Biz "bir millət iki dövlət" prinsipinə daim sadiq olmuşuq və oluruq. Türkiyəni və Azərbaycanı ayrılıqda narahat edən problemlər ortaq məsələlərdir və biz də eyni mövqedəyik". SİA-nın xəbərinə bunu millət vəkili Qənirə Paşayeva məsələ ilə bağlı açıqlamasında vurğulayıb. Azərbaycanın diaspor ilə bağlı apardığı siyasətdə daim erməni mövzusunu diqqətdə saxladığını deyən deputat bu mövzuda çoxlu məsələlərin toplandığını söyləyib. "Həm Azərbaycanın işğal olunmuş Qarabağ məsələsi, həm ermənilər tərəfindən təcavüzə məruz qalmış tariximiz və onların iddia etdikləri saxta "erməni soyqırımı" bu mövzunun daxilindədir. Təbii ki, burada da Azərbaycanın Türkiyə ilə ortaq mövqedən çıxış etməsi tələb olunandır. Biz 10-15 il əvvələ nəzər salsaq, görərik ki, bu ortaq fəaliyyətdə nə qədər irəli getmişik. 10 il əvvəl dünyanın xeyli ölkəsində "erməni soyqırımı" müzakirə olunurdu. Amma indi cəmi bir və ya iki ölkədə bu mövzu hallanır. Artıq dünyanın əksəriyyəti bu iftiraya inanmır, demək olar ki, bu qondarma əhvalatla bağlı tanınma məsələləri artıq heç bir yerdə keçərli deyil. Bütün bunlar da bizim ortaq fəaliyyətimizin güclü olmasından xəbər verir. Bu fəaliyyətin nəticəsidir ki, hətta vaxtı ilə bu "soyqırımı"nın müzakirəsində qabaqcıl olan Fransanın özü belə bu məsələni artıq dayandırır. Biz xaricdə yaşayan həmvətənlərimizə bu fəaliyyətlərində daim dəstək olmalıyıq".
Qənirə Paşayeva, eyni zamanda, Azərbaycan dövlətinin türk dövlətləri və xalqları ilə əməkdaşlığının genişləndirilməsi və diasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən söhbət açıb. Millət vəkili vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemidir və dünyanın hər yerində yaşayan türklər bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır: "Biz ermənilərin qondarma "erməni soyqırımı" yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq".
ABŞ prezidenti Barak Obamanın ermənilərə 24 aprel müraciətində "soyqırımı" sözü işlətməməsi məsələsinə gəlincə millət vəkili deyib ki, ABŞ üçün əsas olan dövlət maraqlarıdır. Belə ki, ABŞ-ın milli dövlətçilik maraqları istənilən bəyanatlardan üstündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB