Hər dəfə ermənilər hansısa hiyləyə əl atmaq istəyirlərsə, dərhal faş olur, özlərini düşdükləri quyunun daha da dərinliyinə sürükləyir və təkrarən rüsvay olurlar. Çünki, mövcudluqları dövründə onlar daha çox xəyanət, satqınlıq, terrorçuluq, vandallıq və ümumiyyətlə insanlığa sığmayan əməllərlə xarakterizə olunur. Bir növ sadalanan qeyri-insani bu xüsusiyyətlər xalq kimi belə özünü təsdiq edə bilməyən bu etnos üçün səciyyəvidir və hər addımda, tarixin hər səhifəsi araşdırıldıqda bu rüsvayçı mövqeləri özünün bir daha təsdiqini tapır. Son günlər erməni baş naziri Nikol Paşinyanın babası Nikolay Paşinyanın da belə xislətlilərdən olduğu təkcə erməni mətbuatının deyil, bütün dünya, ələlxüsus faşizmlə üz-üzə qalan, bəlkə də 75 il bundan qabaq olum-qalım sualı qarşısında olan Rusiyanın mətbuatının da gündəminə, müzakirə mövzusuna çevrilib.
Bir neçə gün əvvəl Ermənistanın baş naziri babasına görə qürurlanmaq üçün sosial şəbəkədə, daha dəqiq desək, öz Facebook səhifəsində bir status paylaşdısa da, qeyd etdiyimiz kimi, yenə də həmişə olduğu kimi, təkcə özünü yox, ümumilikdə erməni toplumunu faş etmiş oldu. Çünki, qısa bir müddət ərzində onun nasistlərin ortağı, faşistlərə xidmət etdiyi, xain olduğu, satıldığı, satqınlıq etdiyi ortaya çıxdı.
Sosial şəbəkələrin bir çox erməni istifadəçisi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan da Böyük Qələbənin 75 illiyi münasibətilə babasının şəklini yayımlamaqla ola bilsin ruslar qarşısında bir “xal” qazanmaq niyyəti güdürdü. Amma iş tamamilə tərsinə oldu və qalmaqal da elə bununla başladı. Paşinyan öz Facebook səhifəsində babasının şəklini yükləyib, sonra da “vətən üçün ölənlərə əbədi ehtiram” yazmaqla, bəlkə də hansısa “divident” həvəsinə düşmüşdü. Lakin, heç də belə olmadı və babasının da heykəlini ucaltdığı dırnaqarası qəhrəmanlardan olduğu tez bir zamanda üzə çıxdı.
Rusiyaya məxsus mətbuat səhifələri də yazır ki, Nikol Paşinyanın babası barədə məlumatlar onun yazdıqlarını təkzib edir. İnfo24.ru saytında qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsində şəhid olanlar haqqında məlumat toplamaq üçün yaradılan ümumiləşdirilmiş Memorial məlumat bankının saytında Nikola Vartanoviç Pashinyan haqqında məlumatlar var. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bazasının materiallarından belə nəticə çıxır ki, Paşinyanın babası əsir düşmüş, “düşmənlə əməkdaşlıq etmiş” və Ukraynanın qərbində, Zviakeldə (Zvyaqel, indiki Novoqrad-Volınski) bir xain kimi öldürülüb. Bundan əlavə, baba Paşinyanın SS-də xidmət etdiyini təsdiqləyən sənədin fotokopiyası Rusiya mediasında, o cümlədən ermənilərə məxsus kütləvi informasiya vasitələrində də yayımlanıb. Alman mühasibatlığının sənədi hər iki ölkənin mediasında işıqlandırılıb. Sənəddə erməni baş nazirin babası Legioner Nikolay Vartanoviç Pashinyan barədə yazılır ki, o 1913-cü ildə Ermənistan SSR-də Yenokavan kəndində anadan olub və 1943-cü ildə vəfat edib. Bu sənəd jurnalistlər tərəfindən tərcümə edilib.
Mətbuat səhifələrində yayımlanan məlumatlara əsasən bəlli olur ki, müharibə zamanı baba Paşinyanın bir müddət itkin düşdüyü bildirilib. Lakin tez bir zamanda onun düşmən tərəfinə keçdiyi, mövqeyini dəyişdiyi, faşistlərlə əməkdaşlıq etdiyi məlum olub. Məlum olub ki, Ermənistanın baş nazirinin babası Qaregin Njdenin rəhbərlik etdiyi SS legionunda xidmət edib, yəni Nasist Almaniyası üçün döyüşüb.
Qaregin Njdenin də kimliyi artıq bütün dünyaya bəllidir. Nikol Paşinyanın və onun hakimiyyət komandasının, bütövlükdə Ermənistanın heykəlini ucaltdığı bu adam, Qaregin Ter-Harutyunyan (Njde) - erməni hərbi-siyasi xadimidir və 1942-ci ildə Nasist hərbi administrasiyasının təşəbbüsü ilə Berlində yaradılan Ermənistan Milli Şurasının yeddi üzvündən biri olub. Bəli, Berlində yaradılan Ermənistan Milli Şurasının. Deməli, təkcə Njde yox, ümumilikdə erməni satqınları o zaman 15 respublikanın ümumi bir vətəni olan SSRİ-yə xəyanət edərək, Ermənistan Milli Şurasında birləşmişdilər. Araşdırılan və ortaya çıxan sənədlərə görə, Erməni Milli Şurası bir dəfə Sovet Ermənistanında Alman koloniyası yaratmaq təklifi ilə alman nazir Alfred Rosenberqə də müraciət edib. Njde hətta, Almaniyaya görə ölənlərin Ermənistan uğrunda öldüklərini belə deməkdən çəkinməyib. O, təxribat fəaliyyəti ilə çoxsaylı qurbanlara səbəb olmuş adamdır. Müharibə bitdikdən sonra vətən xaini olduğuna görə həbs olunan Njde 25 il həbs cəzasına məhkum edilib və həbsdə ikən bir vətən xaini kimi ölüb, baxmayaraq ki, Ermənistanda onun heykəli ucalır.
Ölkə başçısı, Cənab Prezident İlham Əliyev Böyük Qələbənin 75 illik yubileyini qeyd etməyə hazırlaşan MDB ölkələrinin zirvə toplantısında Njdenin kimliyini açıq-aşkar ortaya qoydu və ermənilərin, başda elə baş nazir Paşinyan olmaqla, Ermənistan hakimiyyətinin faşizmə xidmət edən, satqının, xainin, terrorçunun heykəlini ucaltmasına haqlı olaraq iradını bildirdi. Azərbaycan Prezidenti nasistliyin hörmətlə yad edilməsinin yolverilməzliyi məsələsini qaldırdı və Paşinyanın Njde ilə bağlı dediklərini nümunə kimi də göstərdi. Xatırlayaq ki, Ermənistanın baş naziri Qaregin Njdenin hərəkətlərini dəfələrlə əsaslandırır, ona haqq qazandırmağa çalışırdı. Məhz buna görə də ölkə başçımız haqlı olaraq həmin zirvə görüşündə qeyd edirdi ki, Böyük Qələbə ilə əlaqədar bayram hamı üçün deyil. Bəli, ən azından bu ermənilərin bayramı deyil. Çünki, onlar faşizmə xidmət etdikləri halda, faşizmi, terroru müdafiə və təbliğ etdikləri halda faşizm üzərindəki qələbə onların necə bayramı ola bilər? İndi ermənilərin faşizm üzərində qələbəni qeyd etməyə nəinki mənəvi haqları yoxdur, bu qələbə günü əslində onların məğlubiyyət günü sayılır.
Hazırda ermənilər Ermənistan dövləti hələ də faşizm ideyalarını, terrorçuluğu təbliğ edir, terrorçunun, faşistin heykəlini qoruyur və ehtiramla yad edir. Eyni zamanda, törətdikləri terrorçuluqla, vəhşiliklə, vandallığa görə utanmaq əvəzinə, qürür hissi belə keçirirlər. Bu terrorçu ölkənin baş naziri, özü də ali dəyərlərdən dəm vuraraq, rəngli inqlablar sayəsində hakimiyyəti zəbt edən rəhbəri belə erməni terrorçularının silahsız, dinc əhaliyə silahlı hücum etməklə qarət və zəbt etdikləri Şuşaya məhz qələbə günü səfər edirsə, bu ölkəyə faşist Ermənistanı adından başqa ad yaraşmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB