"Ermənilərin bu təxribatlarının qarşısında Azərbaycan kifayət qədər soyuqqanlılıq nümayiş etdirir. Çünki, Azərbaycan İrəvanın hiyləsindən xəbərdardır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın bundan əvvəlki siyasi rəhbərləri tərəfindn bu kimi hallar nadir hallarda baş versə də, Nikol Paşinyan tərəfindən Dağlıq Qarabağa və ətraf rayonlara səfərlər etmək mütəmadi hal alıb: "Bu səfər Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindn Dağlıq Qarabağa edilən ilk səfər deyil. Bundan əvvəl də Nikol Paşinyan mütəmadi olaraq Dağlıq Qarabağa səfərlər edirdi. Eyni zamanda Qarabağın ayrı-ayrı rayonlarına, həmçinin Qarabağın ətraf rayonlarına da səfərlər təşkil edirdi. Ermənistanın bundan əvvəlki prezidentləri tərəfindən bu kimi hadisələri biz nadir hallarda görürdük. Ümumiyyətlə bu məsələ təbii ki, Azərbaycan tərəfindən neqativ qarşılanır və qarşılanmalıdır da, çünki, təəssüflər olsun ki, Ermənistan arxalandığı havadarlarına güvənərək və onların köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxlamağa davam edir. Bu təbii ki, uzun müddət belə davam edə bilməz. Ermənilərin bu kimi davranışlarına son qoymağın vaxtı gəlib çatmışdır".
Ekspert, Ermənistanın son vaxtlar təxribatlarını genişləndirməsindən də danışıb. Belə ki, o beynəlxalq təzyiq qarşısında Ermənistanın belə bir addım atma ehtimalına da aydınlıq gətirib: "Ermənistanın sərhəddə təxribatlarını genişləndirməsi əslində yalnız bir məqsədə istiqamətlənib, bu da Azərbaycanı təxribata cəlb etmək. Təsadüfi deyil ki, ermənilərin bu təxribatlarının qarşısında Azərbaycan kifayət qədər soyuqqanlılıq nümayiş etdirir. Çünki, Azərbaycan İrəvanın hiyləsindən xəbərdardır. Bu təxribatlara da nəzər salsaq görərik ki, bunlar ən çox Dağlıq Qarabağın birbaşa sərhəd xəttindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB