Gəncədə 2011-ci ilin birinci rübünün nəticələrinə həsr olunan müşavirə keçirilib

Gəncədə 2011-ci ilin birinci rübünün nəticələrinə həsr olunan müşavirə keçirilib

Müşavirədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cari ilin müvafiq dövrü ərzində həyata keçirilən işlər, əldə olunan nəticələr barədə hesabat verib.

SİA-nın bölgə müxbirinin məlumatına görə, icra başçısı qeyd edib ki, 2011-ci ilin birinci rübü ərzində Gəncə şəhərində ümumi daxili məhsulun həcmi 27.4% artıb. Artımda qeyri-dövlət sektorunun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.4% çox olub. Əhalinin orta aylıq əmək haqqı 215.3 manat dəyərində olub. Bundan əlavə ölkənin ikinci böyük şəhərində 464 yeni iş yeri yaradılıb ki, bunlardan da 404-ü daimidir.

E. Vəliyev hesabatında bildirib ki, növbəti 1 ay ərzində Gəncə Gil Torpaq İstehsalat Birliyinin yenidən işə başlaması ilə əlavə olaraq 1500 yeni iş yeri açılacaq. Əhalinin məşğulluğunun artırılması istiqamətində bu illər ərzində ümumilikdə 6 min yeni iş yerinin yapradılması nəzərdə tutulur. Qarabağ müharibəsi və Şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir. İlkin mərhələdə 160-dan çox bu kateqoyradan olan insanların evlə təminatı planlaşdırılır.

İcra başçısı diqqətə çatdırıb ki, sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün təxirəsalınmaz tədbirlər aparılmaqdadır. Gəncədə çalışan iş adamlarına geniş imkanlar açılıb. Məruzədə o da vurğulanıb ki, təxminən 20-dən artıq binanın dam örtüyü tamamilə yenilənib. Şəhərin nəqliyyat sistemində də müəyyən yeniliklər həyata keçiriləcək. İlk növbədə Gəncəyə yeni sərnişin avtobusları və 500-dən artıq müasir standartlara cavab verən taksilər gətiriləcək.

İcra başçısı bir sıra problemlərə də toxunub. Yerli bələdiyyələrin fəaliyyətinin qənaətbəxş olmadığını diqqətə çatdırıb. Bələdiyyə sədrlərinə işlərində dönüş yaratmaları barədə tapşırıq verilib.

Bundan əlavə Gəncə uşaq və körpələr evinin işində də qüsurlar olduğu deyilib. İcra başçısının fikrincə tərbiyə ocağında islahatlar aparılmalı, işinə ciddi nəzarət olunmalıdır.

Tədbirdə şəhərdə mövcud olan yeraltı keçidlərin təmir edilməsi, yeni salınan qəsəbələrin infarstrukturunun yaxşılaşdırılması barədə də aidiyyəti təşkilatların rəhbərlərinə xəbərdarlıq edilib. Ümumilikdə isə 2011-ci ilin birinci rübü ərzində həyata keçirilən işlər qənaətbəxş qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə