"Azərbaycanın milli tibb sektoru gücünü hər gün artırır" ŞƏRH-ÖZƏL

"Azərbaycanın milli tibb sektoru gücünü hər gün artırır" ŞƏRH-ÖZƏL

"Prezident İlham Əliyevin ötən gün Sumqayıtda yeni tibbi avadanlıq və əşyaların istehsal müəssisəsinin açılışında çıxışı ölkəmizin ümumilikdə və eləcə də milli tibb sektorunun qarşısında duran mühüm hədəflərin dəqiq çərçivəsini cızmaqda olduqca əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı- Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, cəmiyyətimiz üçün artıq Azərbaycanın özünün milli tibbi sənaye istehsalı sahəsinin qurulduğunu və sürətlə inkişaf etdiyini ölkə başçısından eşitməyin səmərəsi böyükdür: "İctimaiyyət indi tam arxayındır ki, Azərbaycanın milli tibb sektoru koronavirus kimi ağır problemin öhdəsindən gəlmək gücünü hər gün artırır. Prezident dəqiq ifadə etdi ki, Azərbaycan təhlükəli virusla uğurlu mübarizə şəraitində həm də özünün milli tibb sənayesini gücləndirən az sayda ölkələrdən biridir".

Ekspert söyləyib ki, Azərbaycanın pandemiya ilə mübarizədə ən zəruri tibbi ləvazimatlarla özünü təmin etməkdə qeyri-adi nəticələrə çatması və bu cəhətdən tək -tək ölkələrlə müqayisə edilməsi qürurvericidir: "Tibbi maska və qoruyucu kombinezonların istehsalı Azərbaycana hətta valyuta ilə gəlir də gətirə bilər. Prezident koronavirusla mübarizə dövründə də Azərbaycanın tibbi inkişaf strategiyasını dəqiq müəyyən etdiyini aydın göstərdi. Bu strategiyanın mahiyyəti milli tibbi istehsalın möhkəmləndirilməsi, xaricdən asılılığın minimuma endirilməsi və yeni valyuta mənbələrinin yaradılmasından ibarətdir".

A.Quliyev vurğulayıb ki, Prezident haqlı olaraq özəl sektorun və ictimai təşkilatların yüksək sosial məsuliyyət həddinə çatmasını ölkənin mühüm nailiyyətlərindən biri kimi təqdim etdi: "Ölkə başçısı nümunələr gətirərək və bütün dünyaya göstərdi ki, Azərbaycanın özəl sektoru və ictimai təşkilatları dövlətçilik strategiyasının ana xəttini tutub və hətta pandemiyadan sonra da dərin sosial məsuliyyət üstündə bu həmrəylik davam etdiriləcək. Müəyyən şərtlər çərçivəsində Azərbaycan cəmiyyəti pandemiyaya mütləq qalib gələcəyimizə dair aydın mesajlar aldı. Ölkə prezidenti dövlətin koronavirusa qəti qalib gəlmək üçün bütün dövlət resurslarının sərf olunduğunu cəmiyyətə səmimi şəkildə çatdırdı. Eyni zamanda cəmiyyətimiz və vətəndaşlar xəstəliyə tam qalib gəlməkdə özünün də böyük məsuliyyət daşıdığını bir daha eşitdi".

O qeyd edib ki, Prezidentin çıxışı virusla mübarizənin son mərhələsinə daxıl olduğunu göstərməklə ictimaiyyətin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir: "Cəmiyyətə son mərhələni də uğurla keçərək sağlam şəkildə yola davam etmək kimi aydın bir yol xəritəsi təqdim edildi. Koronavirusla Mübarizə Fonduna ictimai dəstəyin nəticələri barədə fikirlərin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. "Fonda 100 milyondan artıq vəsait yığılıb və bir qəpiyinə də toxunulmayıb"deyən Prezident bəyan edilmiş prinsiplərin sonadək yerinə yetiriləcəyinə ictimai güvəni daha da artırdı. Azərbaycan cəmiyyəti Sumqayıtdakı açılışdan sonra bizim və başqa ölkələrin pandemiya ilə mübarizədə əldə etdiyi nəticələri müqayisə etmək üçün əla şans əldə etdi. Xalqın əlindəki faktlar indi qəti nəticəyə gəlməyə əsas verir ki, qabaqlayıcı tədbirlər və zəruri qadağanlar olmasaydı, Azərbaycan indi nümunəvi ölkələrin birinə çevrilə bilməzdi".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə