“Ocaq tarixi fotolarda” sərgisinin açılışı olub

“Ocaq tarixi fotolarda” sərgisinin açılışı olub

Aprelin 21-də İçəri Şəhərdəki "Abşeron" rəsm qalereyasında "Ocaq tarixi fotolarda" adlı fotosərgi açılıb.

Bu haqda SİA-ya İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib. Sərgidə Ocaqçılar, habelə Azərbaycanın tanınmış aydınları, elm, sənət xadimləri, jurnalistlər iştirak ediblər.

Sərgini giriş sözü ilə açan qalereyanın direktoru Eldəniz İbrahimov iştirakçıları salamlayıb, Asif Ataya həsr olunmuş sərgini ictimai önəmli hadisə adlandırıb, onunla bağlı xatirələrini dilə gətirib.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh deyib ki, bu gün biz bənzərsiz ruhani mübariz, özünü cəmiyyətə qarşı qoymağı bacaran İnam Atanın yolunu fotolarda əks etdirən sərgiyə yığışmışıq: "Ataya səcdə edənlərin birincisi mənəm. Sonra başqaları gəlib. Bu səcdə tarixiləşib. Ataya səcdə yeganə hadisədir. Yəni səcdə olunan da sənindir, səcdə edən də sənsən. Azərbaycan tarixində belə bir hadisə olmayıb. Atanın irsinə yiyələnməklə Azərbaycanda yeni fəlsəfə, ədəbiyyat yaranacaq, Mütləqə İnam Fəlsəfəsi ilə həyata yeni impuls veriləcək. Ataya sarılan Azərbaycanı heç bir ildırım vura bilməz".

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı sərgilənən şəkillər haqqında danışıb: "Bunlar sadəcə, şəkil deyil, bir xalqın möhtəşəm İnam yaradıcılığının tarixidir".

Fiologiya elmləri doktoru, professor Nizami Tağısoy Ocağın son dönəmdə geniş yayıldığını, Ata fikirlərinin gerçəkləşməsindən fərəhləndiyini ifadə edib.
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış ədəbiyyatşünas Maarif Teymur Ataya, Ocağa sayğılarını ifadə edib.

Onlarla iştirakçı Mütləqə İnam Ocağının 33 illik dönəmini əks etdirən və ilk dəfə üzə çıxarılan 70 ədəd nadir, tarixi fotoşəkillərə tamaşa edib. Sərgidə Ocaqçıların bir qismi öz geyimlərində iştirak ediblər.

Bildirək ki, sərgi ayın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə