"Vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir" RƏY-ÖZƏL

"Vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir" RƏY-ÖZƏL

“Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksi açılışında bildirdi ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Bu gün bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə digər ölkələr üçün örnək göstərilir”. Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır: “Hazırda Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Lakin qeyd etmək lazımdır, son dövrlərdə ölkəmizdə koronavirusa yoluxanlar ilə sağalanlar arasında müsbət dinamika müşahidə olunsa da insanların məsuliyyətsiz davranışı nəticəsində yenidən bu infeksiyaya yoluxanlar sayı artır. Bu cür məsuliyyətsiz daşranış davam edəcəyi təqdirdə karantin rejimi əvvəlki vəziyyətə gətiriləcək və sərtləşdiriləcək. Çünki təcrübə göstərir ki, xüsusi karantin rejimi sərtləşdirilən zaman pandemiyaya qarşı daha effektiv nəticə olunur”.

Karantin qaydalarını pozanlara qarşı ciddi tədbirlərin görüləcəyini söyləyən politoloq vurğulayıb ki, koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Şəxsi gigiyena qaydalarına riayət etmək tələb olunur. Maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır”.

İ. Hüseynov deyib ki, ölkəmizdə korrupsiya hallarına qarşı amansız mübarizə aparılır: “Aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımların mənimsənilməsi dövlətə qarşı xəyanətdir”.

Politoloq qeyd edib ki, bütün dünyada böyük insan tələfatına səbəb olan dövrdə Azərbaycan dünyanı birləşdirir: “Dövlət başçısının təşəbbüsü ilə aprelin 10-da videokonfrans vasitəsilə Türk Şurasının fövqəladə zirvə görüşü və mayın 4-də isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Təmas Qrupu formatında zirvə görüşü bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilmişdir. Bu zirvə görüşləri ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini göstərdi. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən, ləyaqətli ölkədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə