Vahid Novruzov: “Könüllü auditlərin həcmini artırmaqla bütövlükdə audit bazarının inkişafını təmin etmək olar” - MÖVQE

Vahid Novruzov: “Könüllü auditlərin həcmini artırmaqla bütövlükdə audit bazarının inkişafını təmin etmək olar” - MÖVQE

Azərbaycanda artıq yeni düşüncəli sahibkarlar təbəqəsi formalaşır, auditorların məsuliyyəti artırılır və audit sahəsində razılaşdırılmış rəylərin verilməsi ilə mübarizə aparılır. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanda təsərrüfat subyektləri tərəfindən müstəqil kənar auditə və düzgün rəyin olmasına marağın olmaması və artmaması fonunda audit bazarınin inkişafının çətinləşdiyini deyən palata sədri bildirib ki, son zamanlar icbari audit sahəsində, auditorların keyfiyyət nəzarətinin gücləndirilməsi sahəsində tədbirlərin aparılması və qanunvericilikdə icbari auditdən keçməyən təsərrüfat subyektlərinə qarşı əhəmiyyətli cərimələrin tətbiqinin əks etdirilib. V.Novruzov vurğulayıb ki, ölkədə könüllü audit sahəsinin inkişafı istiqamətində görüləsi işlər hələ çoxdur: "Müqayisə üçün deyim ki, Almaniyada könüllü audit yerli audit bazarının təxminən 70-80%-ni təşkil edir. Auditorların könüllü şəkildə auditə cəlb olunması üçün ənənə formalaşmalıdır. Palatanın apardığı işlər sahibkarlar arasında düzgün, reallığı əks etdirən audit rəylərin əldə edilməsinə marağın artmasına xidmət edir. Könüllü auditlərin həcmini artırmaqla bütövlükdə audit bazarının inkişafını təmin etmək olar. Audit elə bir sahədir ki, o özünə ictimai nüfuz qazanmadan normal fəaliyyət göstərə bilməz. Təsərrüfat subyektləri özləri yoxlamaların aparılmasında maraqlı olmalıdır".

Qanunvericiliklə icbari auditdən keçməli olan qurumların yalnız 9-10 faizinin qanunvericiliyin tələblərini yerinə yetirdiyini deyən V.Novruzov "Auditor xidməti haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə son dəyişiklərin audit sahəsindəki nəzarətin gücləndirilməsinə xidmət edəcəyini dilə gətirib Auditorlar Palatasının sədri hazırda Azərbaycanda 300 fiziki və 100 hüquqi şəxsin auditor xidmətinin göstərilməsi lisenziyasına malik olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə