Gürcüstan hava məkanını rusların üzünə bağladı, Ermənistana silah daşımağın yolları aranır

Gürcüstan hava məkanını rusların üzünə bağladı, Ermənistana silah daşımağın yolları aranır
Gürcüstan öz ərazisindən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına hərbi sursat və canlı qüvvə göndərmək imkanlarını əlindən alıb. SİA-nın verdiyi məlumata görə, bu təşəbbüslə Gürcüstan prezidenti çıxış edib. Parlament isə əksər deputatların "hə" dediyi qanunu qəbul edib. Yəni Rusiya bundan sonra Gürcüstan ərazisindən nə hərbi texnika, silah-sursat, nə də rus əsgəri daşıya bilməyəcək. Bir sözlə Rusiyanın Gürcüstandakı ağalığına birdəfəlik son qoyulub.
Bundan əvvəlki müqaviləyə əsasən Rusiya məhz bu marşrutla Gümrüdəki 102-ci hərbi bazasını "qidalandırırdı". Prezident Mixail Saakaşvilinin təşəbbüsünün əks olunduğu sənədi qanunverici hakimiyyətin nümayəndələrinə aparan Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, 6 aydan sonra iki ölkə arasında tranzit yüklərin daşınması ilə bağlı müqavilənin müddəti bitir. Ona görə də, indidən həmin müqavilənin ləğvi barədə düşünmək lazımdır. Çünki müqavilənin bir bəndində yazılıb ki, razılaşmanın pozulması barədə tərəflər bir-birini 6 ay qabaq xəbərdar etməlidir. Əks təqdirdə müqavilə öz qüvvəsində qalır.
Kalandadzenin sözlərinə görə, Gürcüstan Rusiyaya son dəfə 2008-ci ilin iyul ayında icazə vermişdi ki, öz ərazisindən tranzit kimi istifadə etsin. Sonra məlum hadisələr baş verəndən sonra Tbilisi Rusiyanın xahişini rədd etdi.
Rusiyalı hərbi ekspert Aleksandr Qolts məsələyə münasibət bildirərkən deyib ki, bundan sonra Rusiyanın Ermənistandakı hərbi bazasına yüklərin daşınmasında böyük çətinlik yaranacaq. Amma müxtəlif variantlar da var. Bunların arasında Ermənistana dolayı yolla getmək olar. Bundan başqa həmin hərbi hissəyə daha çox ehtiyat qida və sursat toplamaqla yanaşı, burada xidmət edən əsgərləri müqavilə əsasında toplamaq olar.
"Arsenali" hərbi-analitik jurnalın redaktoru İrakli Aladaşvili açıqlamasında bildirib ki, avqust müharibəsindən sonra Rusiya tərəfinin Ermənistandakı hərbi bazasına Gürcüstanın hava məkanından istifadə etməklə yüklərin göndərilməsini həyata keçirib-keçirmədiyini qəti olaraq söyləyə bilməz. Amma Rusiyanın Ermənistan təyyarələrindən istifadə etdiyini də istisna etmək olmaz. Çünki Gürcüstan Ermənistana deyil, Rusiyaya qadağalar qoyub.
Ermənistanın Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan isə erməni tərəfi ilə əvvəlcədən məsləhətləşmələr aparıldığına inandığını deyib: "Gürcüstan tərəfinin qərarını başa düşürük. Tbilisinin Moskva ilə münasibətləri məlum məsələlərə görə pozulub. Bu məsələdə Ermənistanı da başa düşmək lazımdır".
Doğrudan da, Ermənistanın vəziyyəti getdilcə pisləşir. Əgər Rusiya Gümrüdəki hərbi bazasına yüklərin daşınmasını həyata keçirə bilməsə, işğalçı ölkənin durumu indikindən qat-qat pisləşəcək. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla apardığı müharibədə Rusiyanın hərbi dəstəyindən kifayət qədər yararlanıb. Vəziyyət pisləşən kimi Moskvaya qaçan Sarkisyan əslində bu hərəkəti ilə kimin vassalı olduğunu sübuta yetirir. Ona görə də Rusiyadan çox Ermənistan təşvişə düşüb, hərbi yüklərin daşınması yolları aranır, Türkiyənin, Azərbaycanın və Gürcüstanın hava məkanlarının qapalı olduğu təqdirdə yeganə ümid İrana qalır. Amma bu marşrutun Rusiyaya dəfələrlə baha qiymətə başa gələcəyini indi təkcə Moskvada yox, Ermənistanda da bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə