“Vətəndaş inamı dövlətimizin vətəndaşa bəslədiyi inamla səsləşir” ÖZƏL-MÜNASİBƏT

“Vətəndaş inamı dövlətimizin vətəndaşa bəslədiyi inamla səsləşir” ÖZƏL-MÜNASİBƏT

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışnda çıxış edən Azərbaycan Prezidenti, koronovirusla bağlı görülmüş işlər, mövcud durum və qarşıda duran vəzifələr barədə ətraflı danışdı. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Mərkəzin şöbə müdiri Prezidentin xüsusi diqqət yönəltdiyi iki məqam haqqında fikirlərini bölüşmək istədiyini diqqətə çatdırıb.

"Koronovirus pandemiyası ilə bağlı atılmış addımların müsbət nəticəsinə və vətəndaşlara bəslənən inama uyğun olaraq, karantin rejiminin yumşaldılmasından sonra müşahidə edilən bəzi fəsadları vurğulayan dövlət başçısı, əhalini sayıqlığı itirməməyə çağırdı. Respublikada əldə edilmiş müsbət nəticələri bir daha xatırladan Cənab İlham Əliyev, bunların əhalidə arxayınçılıq yaratmamalı olduğunu qeyd etdi. Haqlı olaraq ifadə edilən bu narahatçılığı, biz vətəndaşlar, özümüzü, ailəmizi, xalqımızı və nəticə etibarı ilə insanlığı qoruma yolunda bir milli, bəşəri vəzifə olaraq dəyərləndirməliyik. Artıq dəfələrlə yazıldığı, deyildiyi kimi, koronovirus özünün həndəsi silsilə ilə artmaq xüsusiyyəti ilə bir nəfərin belə xilaskarlıq missiyası daşıdığını göstərməkdədir.

Mövzuya hələ də şübhəli yaxud arxayın nəzərlərlə baxanlar bilməlidir ki, epidemiyalar, ondan irəli gələn qadağalar, tövsiyyələr on illər öncə də olub. Hazırki pandemiya, yer kürəsinin, demək olar, istisnasız olaraq, bütün coğrafiyasını sarıb, az qala bütün ölkə və xalqlar bu və ya digər dərəcədə virusdan təsirlənib. Belə olan halda, kimlərinsə respublikamız haqqında, sanki "dəniz ortasındakı ada"da təhlükələrdən uzaqdaymışıq kimi düşünməsi nə dərəcədə doğrudur? Ona görə də, karantin rejiminin yumşalmasını sərbəstlik fürsətindən ziyadə, dövlətin vətəndaşa inamı olaraq dəyərləndirib, məsuliyyətli davranmalıyıq. Bu məsuliyyət anlayışının altında duran məqsədin ülviliyi, vəzifələrin asanlığı əslində bəhanəyə də yer qoymur.

Dövlət başçımızın xüsusi diqqət yetirdiyi başqa bir məqamsa, dövlət malına, kasıb payına, hətta Heydər Əliyev Fondunun imkansız ailələr üçün göndərdiyi sovqatlara göz dikən məmurlar haqqında idi. Belə yaramazları məhz xəyanətkar, onların əməlini xəyanət adlandıran Prezident, ən sadə vətəndaşın ürəyindən keçənləri ali səviyyədə ifadə etmiş oldu. Bu, hazırda vəzifə başında olan məmurlara ciddi xəbərdarlıqdı, bu, ictimai nəzarətinin gücləndirilməsi zərurətidir, bu, dövlət-xalq, xalq-dövlət birliyinin çox vacib olmasının təsdiqidir. Heç kimsə, tutduğu vəzifədən, keçmiş xidmətlərindən və sair sui istifadə edib, dövlətlə xalq arasında, Prezidentlə sadə vətəndaş arasında uçurum yarada və öz ağlınca, xalqı müstəqillikdən bezdirə bilməz! Yox, kimsə, illa da yaramazlığından əl çəkməzsə, yaratdığı uçuruma özü düşəcək, özü bezgin olacaq, necə ki, uçuruma yuvarlananlar da, bezginlər də göz qabağındadır...

Beləliklə, modul tipli yeni xəstəxana kompleksi ilə əhalimizə daha bir sosial dəstək göstərən, daha yeni dəstək planlarına malik dövlətimizə vətəndaş inamı, dövlətimizin vətəndaşa bəslədiyi inamla səsləşir, bir-birini tamamlayır.

Əlbəttə, karantin də ötəcək, virusa qarşı vaksin də geniş tətbiqata keçəcək, ölkəmiz, dünyamız bu bəladan qurtulacaq. Çalışaq, bu qurtuluşda bizim də payımız, töhfəmiz olsun. Bu töhfə, özünütəcrid, sosial məsafə, şəxsi gigiyena tələblərinə əməl etmək və sair kimi çox sadə, amma çox vacib hərəkətlərdən keçir...", deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə