"Ermənistanın qarşısına şərt qoyulub: Sülh müqaviləsini imzalamalıdır" ÖZƏL - AÇIQLAMA

"Ermənistanın qarşısına şərt qoyulub: Sülh müqaviləsini imzalamalıdır" ÖZƏL - AÇIQLAMA

"Ermənistanın təxribatlarına çox yaxşı cavab veriləcək, hətta, 2016-cı ilin aprel ayından da qabağa gedəcəyik. Bu istiqamətdə orduda çox ciddi işlər gedir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu Ermənistanın davamlı təxribatlarının səbəbləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın qarşısına şərt qoyulub ki, yaz aylarında sülh müqaviləsini imzalamalıdır: "Sülh müqaviləsinin iki variantı mövcuddur. Bunlardan birincisi mart ayının 9-da həmsədrlərin açıqladığı variantdır. Hansı ki, həmin variantı Paşinyan da yanvar ayında təkrarladı. Bu varianta əsasən, erməni qoşunları bizim 7 rayondan çıxır, 5 rayon və Laçının 13 kəndinə azərbaycanlılar yerləşir. Laçının qalan hissəsinə və Kəlbəcərə isə bir müddətdən sonra qayıdılır. Dağlıq Qarabağın ətrafına sülhməramlılar yerləşdirilir. Daha sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdır. Birgə yaşadıqdan sonra statusun müəyyən olunmasına başlanılır. İkinci variant isə Lavrovun variantıdır ki, 5 rayon və Laçının 13 kəndindən erməni qoşunları çıxır, azərbaycanlılar qayıdır. Ermənistanla Azərbaycan arasında kommunikasiya açılır. Bu həm də Rusiya ilə Ermənistan arasında kommunikasiyanın açılması deməkdir.

Ermənistan bu iki variandan birini seçməlidir, lakin, seçə bilmir. Bir tərəfdən də vəd verir ki, tənzimləməyə gedəcək. Bu adla da Avropa İttifaqından, Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan xeyli miqdarda pul alıb və xeyli miqdarda pula da ehtiyacı var. Ermənilər buna görə təxribata gedirlər ki, güya Azərbaycan atəş açır və ona görə də Ermənistan sülh müqaviləsi imzalaya bilməz. Ermənistanın məqsədi budur".

Mübariz Əhmədoğlu vuğulayıb ki, Ermənistanın təxribatlarının qarşısı maksimum dərəcədə alınır: "Yeri gəlsə ermənilərin təxribatına 2016-cı ilin aprel ayından da daha sərt cavab vermək üçün artıq görürük ki, orduda ciddi işlər gedir. Prezidentin köməkçisi Məhərrəm Əliyev əvvəlcə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev ilə, daha sonra Müdafiə naziri Zakir Həsənov ilə demək olar ki, Ermənistanla təmasda olan bütün sərhəddi, həm də qoşunların təmas xəttində olan bizim hərbi hissələri yoxlayır. Bu Azərbaycanın siyasi rəhbərliyinin, Prezidentin ordunu erməni təxribatına hazırlamasıdır. Ermənistanın təxribatlarına çox yaxşı cavab veriləcək, hətta 2016-cı ilin aprel ayından da qabağa gedəcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə