Prezident İlham Əliyevin nüfuzu və güclü Azərbaycan reallığı! ANALİTİK

Prezident İlham Əliyevin nüfuzu və güclü Azərbaycan reallığı! ANALİTİK

Ölkəmiz bir daha bütün dünyaya sübut edir ki, onun həmrəy xalqı, qətiyyətli dövlət başçısı və sarsılmaz xalq-iqtidar birliyi var!

Azərbaycanda reallaşdırılan islahatlar və həyata keçirilən çoxşaxəli işlərin hər biri bilavasitə xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına, ölkəmizin dünya birliyindəki yerinin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev cənablarının istər regional, istərsə də dünya əhəmiyyətli təşəbbüskarlığı və fəaliyyəti isə bir daha sübut edir ki, Azərbaycan dövləti həm də söz sahibi olaraq çıxış edir. Biz bunu ötən müddət ərzində video-konfrans şəklində keçirilmiş Türk Şurasının Zirvə toplantısında və Qoşulmama Hərəkatının Təmas Qrupunun toplantısında gördük.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın iki mühüm təşkilatlarının sədri olaraq bu məsələdə növbəti təşəbbüsünü önə sürdü, beynəlxalq həmrəylik çağırışını etdi

Belə ki, bu gün dünyada qlobal COVİD-19 pandemiyası tüğyan edir və hətta ən aparıcı dünya dövlətləri belə, bu virusla mübarizədə çətinlik çəkirlər. Əlbəttə, ölkələr bir-birlərinə yardımlar edir, pandemiyanın aradan qaldırılması istiqamətində humanitar dəstəklər göstərirlər. Ancaq bu da yetərli deyil. Ona görə də, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın iki mühüm təşkilatlarının sədri olaraq bu məsələdə növbəti təşəbbüsünü önə sürdü, beynəlxalq həmrəylik çağırışını etdi. Çünki Azərbaycanda pandemiyaya qarşı mübarizədə əldə edilən uğurlar dünya üçün bir nümunə, örnək etalonuna çevrilib. Vətəndaşların sağlamlıqlarının mühafizəsi, hətta belə bir çətin vəziyyətdə insanların sosial-rifah hallarının yaxşılaşdırılması, humanizm prinsiplərinin ən yüksək səviyyədə həyata keçirilməsi, ehtiyacı olan ailələrə birdəfəlik müavinətlərin verilməsi və s. kimi kampaniyaların reallaşdırılması analoqu olmayan addımlardır və bütün bunlar hazırda da davam etdirilir.

Azərbaycanı qarşıda hələ daha böyük uğurlar və zəfərlər gözəyir

Biz bu günlərdə Prezident İlham Əliyevin yeni açılmış Modul tipli xəstəxananın açılışında iştirakını və ölkə səhiyyəsinin inkişafı və digər sahələrlə də bağlı irəli sürdüyü fikirlərini də xatırladaraq əminik ki, Azərbaycanı qarşıda hələ daha böyük uğurlar və zəfərlər gözəyir.

Belə olan halda, dövlət başçımızın çağırışı ilə baş tutan Zirvə toplantıları hər bir azərbaycanlıda qürur və fərəh hissi oyadır. Bu görüşlər eyni zamanda siyasi cəhətdən də dövlətimizin mövqeyini önə sürməkdədir.

Əlbəttə, əldə edilən uğurların əsas tərkib hissəsi pandemiyadan əvvəl ölkədə aparılan çoxşaxəli islahatlardır ki, bu islahatlar hətta hazırkı dövrdə də reallaşdırılmaqdadır.

Yeni Azərbaycan Partiyası “Biz birlikdə güclüyük!” şüarı altında ehtiyacı olan ailələrə yardım kampaniyalarını uğurla davam etdirməkdədir

Əbəs deyil ki, dövlətimizin başçısı öz çıxışlarında daim vurğulayır ki, Onun üçün birinci növbədə vətəndaş faktoru dayanır və Prezident xalqının bir nömrəli xidmətçisidir. Əhalinin bütün təbəqələrinin sosial-məişət tələbatlarının həll olunması ilə yanaşı, ölkəmizdə gedən dinamik inkişaf və tərəqqinin nəticəsidir ki, bu gün Azərbaycan koronavirusla mübarizə aparan dövlətlər içində liderliyini sübut edir. Eyni zamanda, ölkəmiz bir neçə dövlətlərə humanitar yardımlar da göstərir.

O cümlədən, hakim Yeni Azərbaycan Partiyası “Biz birlikdə güclüyük!” şüarı altında ehtiyacı olan ailələrə yardım kampaniyalarını uğurla davam etdirməkdədir. YAP-ın bütün rayon və şəhər təşkilatlarının fəalları vətəndaşların, yaşlı insanların, ailələrin yardımına tələsir, kampaniyanın daha geniş sahəsini əhatə edirlər. Bu, eyni zamanda böyük həmrəyliyin bariz göstəricisidir!

Korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmaqdadır

Lakin bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyik ki, xalqımız və dövlətimiz üçün çətin dövrdə koronavirus mühitindən yanlış yollarla yararlanmaq istəyənlər də tapılır. Belə ki, o da sirr deyil ki, Azərbaycanda bilavasitə Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmaqdadır. Yerlərdə fəaliyyət göstərən İcra Hakimiyyətləri və onların tabeçiliklərində olan ayrı-ayrı məmurlar dövlətin vətəndaşlara göstərdiyi maddi və s. yardımlarını mənimsəyib, xalqın haqqını tapdalayaraq sözün əsl mənasında Vətənə, dövlətə, xalqa xəyanət ediblər. Əbəs deyil ki, dövlətimizin başçısı İlham Əliyev cənabları bu günlərdə yeni fəaliyyətə başlayan növbəti Modul tipli xəstəxanadakı çıxışı zamanı barələrində həbs qərarı verilmiş sabiq icra başçılarını və onların əlaltılarını Vətən xaini adlandırdı. Bəli, bu məhz belədir və hazırda bu cür xəyanətkar əməllərlə, korrpusiya və rüşvətxorluqla, dövlətin, xalqın malını talamaqla məşğul olanlara edilən sərt xəbərdarlıqdır. Çünki xalqımızın lideri araşdırmaların davam etdirildiyini, bu addımların atılacağını da bəyan etdi.

Söz yox ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və mühüm siyasi strategiyası nəticəsində xalqımız bu bəladan da üzüağ, qalibiyyətlə çıxacaq və ölkəmiz bir daha bütün dünyaya sübut edir ki, onun həmrəy xalqı, güclü dövlət başçısı və sarsılmaz xalq-iqtidar birliyi var!

Almas OSMANOVA,

YAP Zəngilan rayon təşkilatının Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə