“İRƏLİ” İctimai Birliyi “Yer Günü”ndə ağac əkəcək

“İRƏLİ” İctimai Birliyi “Yer Günü”ndə ağac əkəcək

22 aprel tarixi ötən əsrin 70-ci illərindən etibarən "Yer Günü" (Earth Day) kimi qeyd olunur. Hal-hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. "Yer Günü" ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.

"İRƏLİ" İctimai Birliyi bu ildən rəsmi olaraq adı çəkilən kampaniyanın dünya üzrə koordinə edən şəbəkə - "Earth Day Network"un Azərbaycan üzrə nümayəndəsi seçilib.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, bu il Azərbaycanda "Yer Günü" (Earth Day) kampaniyası çərçivəsində 2 böyük tədbirin keçirilməsi planlaşdırılır.

İlk tədbir Yeni Suraxanı qəsəbəsində "İRƏLİ" və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirəcəkləri ağacəkmə aksiyasıdır. Aksiya çərçivəsində Bakı ətrafında 50 nəfər gənc tərəfindən 200 ağacın əkliməsi nəzərdə tutulur. Simvolik olaraq hər ağac əkən gəncə təşkilatçılar tərəfindən təşəkkürnamə təqdim olunacaq.

İkinci tədbir saat 15:00-da "İRƏLİ" İctimai Birliyi, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və "Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə" İctimai Birliyi tərəfindən həyata keçiriləcək. "Planetimizi tanıyaq" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində 400 nəfər gəncin iştirakı ilə təqdimat və müzakirələrin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə