"Azərbaycan pandemiyaya qarşı həmrəyliyin gücləndirilməsinə töhfə verir" ŞƏRH-ÖZƏL

"Azərbaycan pandemiyaya qarşı həmrəyliyin gücləndirilməsinə töhfə verir" ŞƏRH-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü Təşkilatın Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci zirvə görüşü olsa da, videokonfrans formatında ilk zirvə görüşü oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Zirvə görüşündə Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verməklə yanaşı, belə bir şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsinin vacibliyi qeyd edildi: “Azərbaycan Prezidenti söylədi ki, ölkəmiz artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib, onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayıb. Bununla yanaşı, ölkə başçısı pandemiya dövründə də Azərbaycanın etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin etdiyini xüsusi vurğuladı”.

Politoloq söyləyib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir: “Heç bir ölkə bundan sığortalanmayıb. Həqiqətən də, indiki şəraitdə qarşılıqlı dəstəklə, özünə qapanmamaqla və yalnız birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür”.

Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti zamanı Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatının qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynaması ilə bağlı fikirlərini xatırladan N. Məmmədova qeyd edib ki, videokonfransın yüksək səviyyədə təşkili də onu göstərir ki, Azərbaycan koronavirusa qarşı mübarizədə regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir: “Dövlət başçısının də qeyd etdiyi kimi, Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas qurub. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olub”.

Politoloq qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi təşəbbüslər, eləcə də, digər addımlar qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində ölkəmizin əhəmiyyətli milli rola malik olduğunu göstərir: “ Ölkəmiz beynəlxalq səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsində yaxından iştirak edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə