İsrail tanımasa, ABŞ da tanımayacaq

İsrail tanımasa, ABŞ da tanımayacaq

ABŞ İsrailin tanımayacağı bir Fələstin dövlətini tanımayacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-dakı yəhudi lobbisinin təzyiqləri nəticəsində Vaşinqton dünən İsraillə sülh razılaşması əldə etməmiş Fələstin dövlətini tanımayacağını rəsmi olaraq açıqlayıb. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Töner İsraillə sülh razılaşması olmadan belə bir şeyin gündəmdə olmadığını deyib: "Vaşinqton bu fikrin yaxşı və təsirli bir fikir olduğuna inanmır. ABŞ müzakirələrin yenidən başlanması üçün hər iki tərəfi təşviq etməlidir".

 

Fələstinlilərin 1967-ci il sərhədləri çərçivəsində qurulacaq Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınması üçün planlar qurduğu bir vaxtda gələn bu açıqlama ilə ABŞ BMT-yə gələcək belə bir təklifi təsdiq edib-etməyəcəyi istiqamətindəki sualların da cavabı vermiş oldu. Digər tərəfdən gələn ay ABŞ Konqresində çıxışı gözlənilən İsrail baş naziri Benyamin Netenyahunun Fələstinlə sülh danışıqlarını yenidən başlamasını gündəmə gətirəcəyi təxmin edilir.

 

Qeyd edək ki, Fələstin Muxtariyyəti ilə İsrail arasında keçən ilin sentyabr ayında başlayan birbaşa danışıqlar bir neçə həftə sonra nəticəsiz başa çatmışdı. Buna səbəb isə İsrailin Qəzzada yəhudi yaşayış məskənlərinin inşasının dayandırılması ilə bağlı Fələstinin tələbini yerinə yetirməməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə