“Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır. BMT-yə 193 üzv dövlət varsa, Qoşulmama Hərəkatına 120 üzv dövlət var və bu dövlətlər həm ümumdaxili məhsulda, həm ərazi, həm də əhalisinə görə BMT-dən sonra ən böyük qurumdur. Bundan başqa Qoşulmama Hərəkatı hazırda dünyanın ən böyük problemi olan təhlükəsizlik və sülhün təminatı ilə məşğul olan bir qurumdur. Bu qurumun Azərbaycan Prezidentinin təşkil etdiyi videokonfrans formatında keçirilən beynəlxalq görüşü dünyanın gündəmindədir. Dünyanın bu gün bir nömrəli problemi olan pandemiya şəraitində bu cür konfransın təşkili çox mühim addımdır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin türkdilli dövlətlərin sammitindən sonra bu cür görüş təşkil etməsi həmçinin dövlətimizin siyasi gücünü də ortaya qoyub: “Bu dövlətlər nəyinki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, eyni zamanda Azərbaycanın öz siyasətini dünyaya çatdırmaq üçün bir vasitə olub. Azərbaycan Qoşulmama Hərəkatına 3 il sədrlik edəcək. Bu Azərbaycan üçün yeni siyasi tribunadır və həmin siyasi tribunada təbii ki, Azərbaycan öz siyasi maraqlarını həyata keçirməyə çalışacaq və bunu sakit-siyasi yolla edəcək”.
C.Nuriyev vurğulayıb ki, bu tədbirin daha bir üstün cəhəti ondan ibarətdir ki, ÜST, BMT kimi nüfuzlu təşkilatlar, həmçinin hazırda dünyada hətta ABŞ-dan da üstün yarım dövlət statusu alan Avropa İttifaqının səlahiyyətli nümayəndəsinin bu konfransa qoşulması Azərbaycana verilən qiymətdir: “Çünki bu təşkilatlar bilavasitə daha çox BMT xətti ilə olan tədbirlərdə iştirak edirlər. ÜST-nın koronavirusla əlaqədar olaraq bu konfransa koşulması hardasa başa düşülən idi, amma BMT-nin və Avropa İttifaqının nümayəndələrinin bura qoşulması bu Azərbaycan dövlətinin xarici siyasətinə verilən qiymətdir. Eyni zamanda ölkə Prezidentinin siyasi bir uğurudur. Azərbaycan artıq bu sahədə də öz sözünü deməyi bacardı və dünyaya bir daha bəyan etdi ki, belə bir dövlət var. Baxmayaraq ki, ərazisi kiçik, əhalisi azdır. Amma dünya siyasətində bir aktora çevrilə bilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB