Arif Hacılı qardaşını Əli Kərimlinin üstünə göndərib? MÜXALİFƏT

Arif Hacılı qardaşını Əli Kərimlinin üstünə göndərib? MÜXALİFƏT

Vaqif Hacıbəyli: “Ondan heç vaxt xeyir gəlməz..."

Dağıdıcı müxalifət düşərgəsi daxilində uzun illərdir ki, cərəyan edən münaqişələr, qalmaqal və qarşıdurmalar bu gün də səngimir. Müxtəlif ənənəvi partiya təmsilçiləri hətta gündəmdə olmayan məsələləri yenidən ictimailəşdirərək, kimlərə qarşı düşmən kəsildiklərini açıqlayır, həmin münasibətin hazırda da davam etdiyini deyirlər. Lakin məsələnin daha bir maraqlı tərəfi budur ki, ən çox ittiham edən də, ittiham olunan da məhz parçalanmış AXCP-nin sədri Əli Kərimlidir.

O da sirr deyil ki, Ə.Kərimlinin sədrlik etdiyi partiyası ilə demək olar ki, bir çox partiyalar, hərəkat və qurumlar qarşıdurma və münaqişə şəraitindədirlər. Biz buna misal olaraq REAL-ı, KXCP-ni, AMİP-i, AXP-ni, ADP-ni, Ümid-i, Ağ Partiya-nı, ADR hərəkatını, alternativ AXCP-ni, BAXCP-ni, Ədalət partiyasını, GAP-ı, ACP-ni, VHP-ni, ALP-ni, ALDP-ni, AMDP-ni və onlarla digər partiyaları göstərmək olar. Həmin partiyalara Müsavatı da daxil etmək olar ki, bu partiya ilə AXCP arasındakı düşmənçilik faktoru ənənə şəklini alıb.

““Azadlıq" qəzetinin donos xarakterli yazılarına görə, həmin qurum məhkəmə qərarına əsasən qeydə alınmadı”

Məhz bu baxışdan çıxış edərək, Müsavat partiyasının başqanı Arif Hacılını qardaşı – Əhrar partiyasının sədri Vaqif Hacıbəylini onun üzərinə hücum etdirib. Belə ki, V.Hacıbəyli mətbuat vasitəsi ilə Ə.Kərimlini intriqaçılıqda, qaragüruhçuluqda ittiham edərək bildirib ki, həmişə səmimi şəkildə müxalifət arasında birliyə nail olmağa çalışıb, amma "yurdçu"ların intriqabazlığı üzündən bu mümkün olmayıb.

Yeri gəlmişkən, hazırkı dövrə qədər düşərgədə nə qədər hərəkatlar, birliklər yaradılıbsa və orada AXCP təmsil edilibsə, onların parçalanmasının, iflasa uğramasının da əsas baiskarı olaraq məhz Ə.Kərimli göstərilir.

“Yadımdadır, Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) yarananda bu prosesə axıradək mane olmağa çalışdılar”, deyən Əhrar partiyasının sədri "Yurd"u nəzərdə tutaraq onu da qeyd edib ki, "Azadlıq" qəzetinin donos xarakterli yazılarına görə, həmin qurum məhkəmə qərarına əsasən qeydə alınmadı. SİTAT: “Faktiki onlarsız geniş koalisiya yaranandan sonra gəlib qoşuldular prosesə və harada bir adam tapırdılar, guya hansısa təşkilatın təmsilçisi adı ilə gətirib qoşurdular prosesə. Yeganə məqsədləri də həmin qurumda öz üstünlüklərini təmin etmək idi. Sonra yaradılan “İctimai Palata”, “Milli Şura” və sair qurumlarda da birlik bu cür intriqalar səbəbindən baş tutmadı”.

“Cəmil Həsənli, Fuad Ağayev, Sevinc Osmanqızı, Arif Məmmədov, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli kimi adamlar hazırda özlərini faktiki Əli Kərimlinin trolları kimi aparırlar”

Müxalifətin seçkilərdə kontekstində də daim intriqalar yaratdığını deyən Əhrar partiyasının sədri əlavə edib ki, düşərgə hansısa formada funksional əməkdaşlığın yollarını arayıb tapmalıdırlar. O cümlədən, AXCP sədrinin “Milli Şura”dakı yan-yörəsi əslində onun trolları qismində fəaliyyət göstərirlər: “Əli Kərimlini isə rahat buraxın. Ondan heç vaxt xeyir gəlməz. Fikir vermisinizmi, Cəmil Həsənli, Fuad Ağayev, Sevinc Osmanqızı, Arif Məmmədov, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli kimi adamlar hazırda özlərini faktiki Əli Kərimlinin trolları kimi aparırlar. Hərçənd ki, onlar Əli Kərimlinin ətrafında olmayanda özlərini daha ağayana aparırdılar. Niyə belə olur? Niyə Əli Kərimlinin ətrafında olanların hamısı özünü zombi kimi aparır? Məncə, Əli Kərimli və ətrafı bu barədə ciddi düşünməlidirlər”.

Fakt isə budur ki, hətta düşərgənin ən tanınmış şəxsləri belə, artıq AXCP sədrini sərt ittiham edirlər.

“Əli Kərimlinin yanında olanda onların da əsas hədəfi müxalifət, əsasən də Musavat olub”

O, digər tərəfdən keçmiş "yurdçu"lar, hazırda ayrı-ayrı partiyalara rəhbərlik edənləri də xatırladaraq bildirib ki, həmin şəxslər hələ Ə.Kərimlinin ətrafında olanda Müsavata qarşı həqarətli fikirlər səsləndirirdilər. İndi isə onun yanında deyilər və təhqirlərlə məşğul olmurlar: “Son illərdə müxalifətə qarşı hansısa həqarətli fikirlər söyləyiblərmi? Açığı mən yadıma sala bilmirəm. Əli Kərimlinin yanında olanda onların da əsas hədəfi müxalifət, əsasən də Musavat olub. Hətta iş o yerə çatmışdı ki, mən həmin adamlardan bəzilərini "Əli Kərimlinin şilləvuranları" adlandırmışdım. İndiki məqamda ən uğurlu variant seçkiyə gedənlərin seçki islahatları istiqamətində bir hərəkat yaratması olardı. Milli Şuradakılar bu prosesə qoşulsalar qoşulsunlar, qoşulmasalar iş görənlərə "mız qoymaq" missiyalarını arsız- arsız davam etdirsinlər. Bu da onların seçimi olacaq”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə