Artıq ABŞ-da 2012-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək Respublikaçılar Partiyasının namizədləri məlum olur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırkı prezident Barak Obamanın ən güclü rəqibinin keçmiş qubernator Mitt Romneyin olacağı bildirilir.
Respublikaçıların digər namizədləri isə keçmiş qubernatorlar Maykl Hukabee, Sarah Palin və tanınmış işadamı Donald Trumpdur. Üç keçmiş qubernator Obamanın rəqibi ola bilmək üçün indidən pul toplama kampaniyalarına başlayıb. Milyarder Trump təbliğat kampaniyasının böyük hissəsini öz pulu ilə təşkil etməyi düşünür.
Respublikaçıların namizədləri ilə Obamanı yarışdıran araşdırma şirkətləri isə ilk nəticələri açıqlayıblar. "McClatchy" media qrupu ilə Marist Universitetinin apardığı araşdırmaya görə Mitt Romney Obamanın qarşısına ən yüksək səs faizi ilə çıxıb. Araşdırmaya görə prezident seçkisi bu gün olsa Obama 46, Romney isə 45 faiz səs ala bilər. Sorğu iştirakçıların 9 faizi isə fikrini bildirməkdə çətinlik çəkib. Yanvar ayı ilə müqayisə apardıqda keçmiş qubernatorun nüfuzunun artdığı görünür. Belə ki, həmin vaxt aparılan araşdırmalarda Obama 51, Romney isə 38 faiz səs almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB