"Bizim üçün əsas olan dost ölkələrlə əməkdaşlığı genişləndirməkdir" ÖZƏL-ŞƏRH

"Bizim üçün əsas olan dost ölkələrlə əməkdaşlığı genişləndirməkdir" ÖZƏL-ŞƏRH

“Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü artıq ikinci böyük tədbirdir ki, Azərbaycan videokonfrans vasitəsilə həmin tədbirə evsahibliyi edir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Əvvəlcə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir neçə həftə əvvəl Türk Şurasının videokonfransı keçirildi və dövlət başçıları müzakirələr apardılar. İndi də Qoşulmama Hərəkatının konfransı keçirilib. Hər iki "onlayn" konfrans Azərbaycan üçün vacib idi. Ona görə Azərbaycan bu konfranslara təşəbbüs göstərmişdi ki, hər iki təşkilata Azərbaycan hazırda sədrlik edir. İlk dəfə idi ki, Türk Şurası zəminində beynəlxalq aləmdə ancaq koronavirusla mübarizə və əməkdaşlıq məsələləri müzakirə edildi.

Təsadüfi deyil ki, həmin müzakirələrə ÜST-nın rəhbəri də qoşulmuşdu. Onlayın konfrans da vacib idi. Çünki Qoşulmama Hərəkatı üzv ölkələrin sayına görə BMT-dən sonra ikinci bir təşkilat sayılır. Azərbaycan bu təşkilata sədrlik edir və deməli təşəbbüs bizdən irəli gəlməlidir. Yenidən koronavirusla mübarizə və əməkdaşlıq məsələləri müzakirə olundu. Çünki Qoşulmama Hərəkatı üzvlərinin sırasında çoxu inkişaf etmiş ölkələrlə yanaşı kasıb ölkələr də var. Onların da yardıma ehtiyacı var.

Azərbaycan koronavirusla uğurla mübarizə aparır və bu mübarizəni həmin dövlətlərlə paylaşmağa hazırdır. Xarici siyasətin əsas hədəflərindən biri dövlətə qarşı təhlükənin qarşısını almaq və daha çox dost, tərəfdaş dövlətlər qazanmaqdır. Azərbaycanın da Ermənistandan başqa heç bir dövlətlə düşmənçilik münasibəti yoxdur.Tərəfdaşlar, strateji müttəfiqlər, əməkdaşlıq etdiyimiz dövlətlər var. Yəni, yaxın və uzaq dövlətlər ilə münasibətimiz yaxşıdır və daha da inkişaf edir.

Bircə Ermənistandır ki, o da işğalçılıq siyasətinə görə təzyiqi artırırıq və hansı ki, bu dövlətlə əməkdaşlıq edir, onlara da təvəqqe edirik ki, işğal faktını nəzərə alsın. Bizim üçün əsas olan dost ölkələrlə əməkdaşlığı genişləndirməkdir. Biz bloklara da qoşulmuruq. Məhz ona görə qoşulmuruq ki, Qoşulmama Hərəkatının üzvüyük. Bizim Amerika, Rusiya ilə də yaxın münasibətlərimiz var və qarşılıqlı, faydalı münasibətlər də formalaşdırırıq"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə