"Pandemiyadan sonra dünyada vəziyyət gərginləşə bilər" ÖZƏL - AÇIQLAMA
"Pandemiyadan daha tez çıxan ölkələr, söhbət iri oyunçulardan gedir, onlar daha çox üstünlük qazanacaqlar. Hələ ki, dövlətlər bunu etməyə çalışırlar, xüsusilə də Çin". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə post-pandemiya dövründə hansı ölkələrin daha çox üstünlük qazanacağından danışarkən deyib.
Onun sözlərinə görə, bütün dünyada iqtisadi münasibətlər dəyişiləcək, çünki, karantin tədbirləri uzunmüddətli xarakter daşıyır və baxmayaraq ki, ölkələr karantin rejiminin yumşaldılmasına doğru gedirlər, lakin, onlar tamamilə karantin rejimindən çıxmaq niyyətində deyillər: "Bəzi ölkələrin rəsmilərinin fikirlərinə əsasən, pandemiya ilə mübarizə tədbirləri çox güman ki, bir il və ya bir il yarım davam edəcək. Virusa qarşı vaksin tapılmadığı müddətdə bu karantin tədbirləri mövcud olaraq qalacaq. Eyni zamanda, infeksiyanın ikinci dalğasının olması da gözlənilir. Bu haqda müxtəlif versiyalar önə sürülür. Onlardan birinə görə, bunun ilin sonlarından olmasından xəbər verir. Bəziləri karantin yumşaltmalarına getməklə bunun ola biləcəyini irəli sürür. Bütün hallarda nə qədər ki, bu təhlükə sovuşmayıb, bütün dünya karantin tədbirlərini həyata keçirməyə davam edəcək. İlk növbədə sərhədlər qapalı saxlanılacaq, işlər distant şəkildə idarə olunacaq və sərhədlər bağlı olduğu müddətdə ticarət mübadiləsi də azalacaq. Hazırda, ölkələr daha çox öz resurslarından istifadə edirlər, kimin resurs bazası zəngindirsə, onlar daha çox üstünlük əldə etmiş olurlar. Kimin resurs bazası zəifdirsə, onların vəziyyəti təbii ki, elə də ürəkaçan deyil. Bu ölkələrə yardımlar lazımdır. Artıq bir çox ölkələr Beynəlxalq Valyuta Fonduna üz tutaraq kredit və maliyyə yardım istəyirlər. Bu yardımların ümumi həcmi trilyon dollarlarla ölçülür. Həmin təsisatın isə hər kəsə kömək etməyə imkanları yoxdur".
Ekspertin fikrincə, mövcud dövr sonrasında rəqabət çoxalacaq və bu xüsusilə də aparıcı dövlətlərin timsalında özünü biruzə verəcək: "Burada bir məsələ var ki, pandemiyadan daha tez çıxan ölkələr, söhbət iri oyunçulardan gedir, onlar daha çox üstünlük qazanacaqlar. Hələ ki, dövlətlər bunu etməyə çalışırlar, xüsusilə də Çin. Çinin iqtisadiyyatı pandemiyanın təsirlərindən tədricən xilas olur. Lakin, Avropa ölkələri və ABŞ-ın iqtisadiyyatı ciddi karantin qaydaları ilə məhdudlaşdırılmışdır. Bu Çinə müəyyən üstünlüklər verir. Bu faktın özü də Çin-ABŞ və Çin-Avropa iqtisadi münasibətlərini gərginləşdirə bilər. Çin iqtisadiyyatına görə, dünyanın ikinci yerdə durur. Həm də post-pandemiya dövründə Çin çox güman ki, çalışacaq ki, birinci yerə qalxsın. ABŞ isə buna imkan verməyə çalışacaq. Bu isə münasibətlərin gərginləşməsinə, dünya ticarət sistemində, beynəlxalq iqtisadi sistemində növbəti aylardan gərginliyin yaşanmasına gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB