Paşinyan hökuməti "iki daş arasında" qalıb ANALİTİK

Paşinyan hökuməti "iki daş arasında" qalıb ANALİTİK

Referendum qərarı iqtidar komandasını parçalayıb

“Məlum olduğu kimi, hakimiyyət tərəfindən başladılan və Konstitusiyada dəyişikliklər üçün nəzərdə tutulan, lakin əslində Konstitusiya məhkəməsinin sədrini, eləcə də 6 nəfər hakimi işdən uzaqlaşdırmağa hesablanan referendumun keçirilməsi hələ də “havadan asılı” vəziyyətdə qalıb”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Erməni qəzeti həmçinin yazır ki, koronavirus pandemiyası bu mövzunu müvəqqəti şəkildə “dondursa” da, bəzi hakimiyyətə yaxınlığı ilə seçilən şəxslər onu müxtəlif vasitələrlə gündəmdə saxlamağa cəhdlər göstərirlər. Nəşr həmçinin yazır ki, referendum məsələsi əlbəttə ki, hakimiyyətin də gündəmində qalmaqdadır və onun kuluarlarında gəzən söz-söhbətlərə görə, mayın 14-də fövqəladə vəziyyətin aradan qaldırılmasından sonra həmin mövzu yenidən ön plana çəkiləcək.

“Epidemiya yaxın günlərdə geri çəkilməyəcək və hətta 1-2 il uzana da bilər, biz geriyə addım ata bilmərik"

“Mənbələrimizin bildirdiklərinə görə, hakimiyyət və şəxsən baş nazir Paşinyan bu məsələdə kifayət qədər qətidir. Bizimlə həmsöhbət olanın sözlərinə görə, hakimiyyət daxilində aparılan müzakirələrin açar mövzusu ondan ibarətdir ki, onların başqa seçimləri də yoxdur, belə ki, “epidemiya yaxın günlərdə geri çəkilməyəcək və hətta 1-2 il uzana da bilər, biz geriyə addım ata bilmərik”. Lakin bu planda da hər şey birmənalı deyil”, “Past” yazır.

Qəzet qeyd edir ki, məlumata görə, hakimiyyət daxilində və hakimiyyətə yaxın ekspertlər və siyasi dairələrdə - satellitlərdə elə bir vəziyyət yaranıb ki, onlar müxtəlif düşüncələrə malikdirlər və eyni düşünmürlər.

"Hər şey qarma-qarışıqdır"

“Bəziləri qanunlar çərçivəsində referendumun təyin olunduğu vaxtda keçirilməsinin və situasiyanın tənzimlənməsini tərəfdarıdırlar. Kimlər ki, əks düşüncədədirlər, onlar tələb edirlər ki, həmin məsələ parlament çərçivəsində həll olunsun. Başqa sözlərlə hər şey qarma-qarışıqdır”, adıçəkilən qəzet yazır.

Göründüyü kimi, əslində koronavirusun ölkədə sürətlə yayılması artıq hakimiyyətin də bir sıra planlarını alt-üst edir. Daha dəqiq desək, əgər Paşinyan Konstitusiya məhkəməsinin fəaliyyətinə xitam verməklə öz hakimiyyətinin müddətini uzatmaq planını tərtib edibsə, onun bu planı baş tutmaya da bilər. Xüsusilə, epidemiya dövründə parçalanmış iqtidar komandası müxtəlif qarşılıqlı ittihamlarla çıxış etməyə başlayıblar. Bu isə, Ermənistanda COVİD-19-la yanaşı, siyasi böhranın da sürətlə ayaq açıb-yeriməsinə şərait yaradıb. Hər halda, faktlar da bu reallığı kifayət qədər əks etdirməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə