Sona Vəliyeva: “MTRŞ-nın qanunları televiziyaların aşağı səviyyəli proqramlarının yayımlanmasına qadağa qoya bilməz” - MÜNASİBƏT

Sona Vəliyeva: “MTRŞ-nın qanunları televiziyaların aşağı səviyyəli proqramlarının yayımlanmasına qadağa qoya bilməz” - MÜNASİBƏT
"Televiziya kütləvi xarakterə malik olduğu üçün o, cəmiyyətdə müsbət və ya mənfi təsirə malik olur. Televiziya elə bir sahədir ki, hər hansı veriliş və onun iştirakçıları gün ərzində bizim diqqətimizi çəkir. Televiziyalarda baş verən hadisələr, orada yayımlanan verilişlər, proqramların bu və digər şəkildə milli-mənəvi dəyərlərə əsaslanması bütün ziyalılar kimi məni də narahat edir". SİA-nın xəbərinə görə, bu barədə "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva "Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu" mövzusunda keçirilən mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, Milli Televiziya və Radio Şurasına gün ərzində çoxlu sayda şikayət zəngləri gəlir.

"Bəzən yaşlı nəslin nümayəndələri zəng edib şikayətlənir ki, siz hara baxırsınız? Bizim illərlə qoruyub, saxladığımız milli-mənəvi dəyərlərimizə, sərvətimizə bu pis təsir edir. Əlbəttə, biz də baş verən bu hallardan narazıyıq, bir ziyalı kimi bunlar bizi də narahat edir. Ancaq MTRŞ-nın qanunları həmin televiziyaların aşağı səviyyəli proqramlarının yayımlanmasına qadağa qoya bilməz. Qanunda bu cür tənzimlənib. Sadəcə olaraq milli-mənəvi dəyərlərin qorunması baxımından biz onlara tövsiyələr veririk. Heç bir qanunda yazılmayıb ki, onların aparıcılarını müəyyənləşdirək və ya bu digər formada o məsələyə müdaxilə edək. Təbii ki, bu məsələlər bizi də narahat edir. Hər şeydən əvvəl biz azərbaycanlıyıq və illərlə qoruyub saxladımız milli mentalitetimiz var"-, deyə o əlavə edib.

Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib: "Bu məsələ ilə bağlı bir neçə dəfə müraciət etmişik. Belə məsələlər birdən-birə həllini tapa bilməz. Müstəqilliyimiz 20 ildir formalaşıb və bu illərdə nə qədər hadisələr baş verib. Ancaq bu istiqamətdə nəsə yaratmağa, hansısa filmlərin çəkilməsinə indi başlanıb. 20 ildə heç kəs bu mövzulara toxunmayıb. Özəl kanallar aşağı səviyyəli serialları baha qiymətə almaqdansa, bu sahədə çalışan insanlara dəstək verib Azərbayacana maraqlı olan mövzularda seriallar çəkilsə, bunların əhəmiyyəti daha çox olar. Mən başa düşürəm ki, hər bir kanal öz siyasətini qurub, ancaq o serialların səviyyəsi çox aşağıdır. Bütün bunların təsirini 5-6 ildən sonra hiss edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə