Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır ANALITIK

Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır ANALITIK

Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan nəinki regionun lider dövlətinə, eyni zamanda beynəlxalq aləmdə söz sahibinə çevrilib, dünya birliyindəki yeri daha da möhkəmlənib. Ümumiyyətlə, hazırkı dövrə qədər ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər bilavasitə Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Eyni zamanda, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri olmasını artıq bütün dünya qəbul edir, dünyada Azərbaycana rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr Azərbaycanla əlaqələr qurmağa, əməkdaşlıq etməyə, qarşılıqlı faydalar götürməyə can atırlar. Azərbaycan özü də belə əməkdaşlıqda maraqlıdır, təşəbbüskar və ideyaverici qismində öz sözünü deməkdədir.

Prezident İlham Əliyevin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi

Bu baxımdan, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsini xüsusi olaraq qeyd etmək yerinə düşərdi. Belə ki, Prezident İlham Əliyevin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi və nəticədə Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr bu görüşdə iştirak etdilər. Məhz bu baxımdan, yuxarıda qeyd edilən fikirlərin davamı olaraq qənaətə gəlmək olar ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Azərbaycan Zirvə toplantısında daha bir ilkə imza atdı!

Yeri gəlmişkən, Azərbaycan bundan əvvəl də video-konfrans formatında zirvə görüşü keçirib və Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının video-konfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Xüsusilə xatırlatmaq olar ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib və müsbət nəticələr əldə olunub.

Bu baxımdan, baş tutan sonuncu Zirvə toplantısının əsas məziyyətlərindən bə əhəmiyyətli məqamlarından biri də budur ki, bu toplantıda Avropa İttifaqının rəsmisi də iştirak edib, çıxışı ilə yadda qalıb. Yəni bu faktor Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Bu ilkə isə məhz Azərbaycan Prezidentinin imza atması qürurverici hadisədir. O cümədən, Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmaqla, birləşdirici körpü missiyasını da həyata keçirib. Beləliklə biz, əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi

Zirvə toplantısına ehtiyacın yaranması həm də belə bir amili diqqətə gətirir ki, koronavirus pandemiyasının təhlükəsi qlobal əməkdaşlığa çağırış reallığını ehtiva edib. Daha dəqiq desək, belə bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyiblər. Ona görə də, hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Habelə, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələrini verməkdə davam edir. Beləliklə, Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Buna misal olaraq, 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı da sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu, olan inam və etibar, eləcə də etimad ən ali məqamlarda dəyərləndirilməkdədir. Misal üçün, Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciətünvanlası, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması,dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizinvə onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.

O da təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb. Həmçinin, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bu gerçəkliyi bariz şəkildə sübuta yetirmiş oldu.

Azərbaycan bir nümunə etalonuna çevrilib

Bu kimi qürurverici reallıqdan həm də belə bir nəticə hasil etmək olar ki, Azərbaycan Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən, beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. O cümlədən, Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Çünki Azərbaycan bir nümunə etalonuna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə