Mübariz Əhmədoğlu: “"Böyük səkkizlər"in Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində yenilənmiş Madrid Prinsipləri ilə bağlı sənəd imzalana bilər" - MÖVQE

Mübariz Əhmədoğlu: “"Böyük səkkizlər"in Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində yenilənmiş Madrid Prinsipləri ilə bağlı sənəd imzalana bilər" - MÖVQE

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə Dağlqı Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslərə toxunulub.

 

Münaqişənin həlli prosesində aktivliyin olduğunu deyən SİTM sədri bildirib ki, bu aktivliyin konkret istiqaməti yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərin son bəyanatının da ciddi hadisə olduğunu qeyd edən siyasi ekspert söyləyib ki, həmsədlər münaqişənin Madrid Prinsipləri ilə həllinin vacibliyini təsdiq ediblər: "Son bir ildəki bəyanatlar münaqişənin tənzimlənməsi prinsiplərinə uyğun gəlmirdi, ancaq bu bəyanat münaqişənin nizamlanması üçün əsas prinsipləri özündə ehtiva edir. Bu dəfə güclü Azərbaycan ordusu diplomatik proseslərə böyük təsir göstərdi. Azərbaycan aviasiyasının təlimləri ATƏT-in Minsk qrupunun həmsədrlərini belə bir bəyanat verməyə vadar etdi".

 

M.Əhmədoğlu Ermənistanın mövqeyində iki istiqamətin olduğunu deyib: "Bu istiqamətlərin hər ikisi məntiqsizdir. Birinci istiqamət odur ki, prezident Serj Sarkisyan sərbəst yerdəyişmə hüququnun Avropanın açar hüququ olduğunu deyir. O hesab edir ki, Azərbaycan mülki təyyarələrin İrəvandan Xankəndə uşmasına mane olmaqla bu hüququ pozur. Ermənistan belə bir hüququ erməni əhalisi üçün tələb etdiyi halda, işğal olunmuş ərazilərdən didərgin düşən insanlar niyə evlərinə qayıda bilməsinlər. İkinci istiqamət isə odur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində insan hüquqlarına söykənməsini istəyir. Fikirləşirlər ki, ermənilərin hüquqlarını müdafiə etməklə münaqişəni həll etmək olar. Məgər azərbaycanlı qaçqınların hüquqları yoxdur?".

 

Madrid Prinsiplərinin qəbulu ilə Ermənistanın iflasa uğrayacağını deyən M.Əhmədoğlu qeyd edib ki, Qərb və Rusiya bundan qorxur: "Onlar qorxurlar ki, Ermənistan iflasa uğrasa bu ölkə hər şeyi açıq deyəcək. Ermənistan deyəcək ki, Azərbaycanın torpaqlarını təklikdə işğal etməmişəm".
"Böyük səkkizlər"in Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişin əldə oluna biləcəyini deyən politoloq bildirib ki, sammit Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm məkan ola bilər: "Həmin sammitə Azərbaycan və Ermənistan prezidentləri çağırıla və yenilənmiş Madrid prinsipləri ilə bağlı sənəd imzalana bilər".

 

Ermənistan ilə yanaşı İranın da Dağlıq Qarabağ münaqişəsinin həllində dekonstruktiv mövqe tutduğunu deyən M.Əhmədoğlu bildirib ki, bu, İranın Azərbaycanın inkişafını istəməməsi ilə bağlıdır: "İran və Ermənistanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi müştərəkdir. Dağlıq Qarabağ yeganə problemdir ki, bununla bağlı İran rəhbərliyində fikir ayrılığı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə