"Korrupsiyaya qarşı mübarizə ölkə başçısının daim diqqətindədir" RƏY-ÖZƏL
“Yeni baş prokurorun təyin edilməsi, prokurorluq sistemində yeni səhifənin açılması deməkdir və buna ehtiyac var idi. Eyni zamanda prokurorluq orqanlarına yeni kadrların cəlb edilməsi, geniş metodun tətbiqi tamamilə gözləniləndir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Cənab Prezidentin apardığı daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön plana çəkilib: “Bu baxımdan prokurorluq bu mübarizəni özünün əsas fəaliyyəti hesab etməlidir. Kamran Əliyevin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbərliyindən Baş prokuror vəzifəsinə gətirilməsi göstərir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim onun diqqətində olacaq”.
Komitə üzvü söyləyib ki, cənab Prezident ölkədə olan vəziyyətdən tamamilə xəbərdardır: “Ayrı-ayrı sahələrdə daha ciddi tədbirlərin atılmasını vacib hesab edir. İnanırıq ki, ölkə başçısının tapşırıqları prokurorluq orqanları tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək”.
A.Mirzəzadə vurğulayıb ki, hər bir məmur bu gün üzərinə düşən məsuliyyəti dərk etməli, çirkab fəaliyyətinin üstünün açılmayacağını, cəzadan kənarda qalacağını düşünməməlidir: “Cənab Prezidentin xəbərdarlıqlarına baxmayaraq, yenə də bir-iki icra başçısının həbsi onu göstərir ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya deyil, daimi prosesdir. Ümid edirəm ki, ölkə başçısının son çıxışları, eləcə də son həbslərdən sonra hamı özü üçün nəticə çıxaracaq. Kimsə bu dalğalanmadan kənarda qalacağını zənn edirsə, o zaman həmin şəxslər öz ağır və acı nəticələrini gözləməlidir”.
Deputat qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sadəcə kiminsə həbsi demək deyil: “Bu elə bir sistemin yaradılmasıdır ki, həmin sistemdə korrupsiyanın olması qeyri-mümkün olsun. Bu baxımdan “Asan Xidmət”in yaradılması, “e-hökumət” sisteminin formalaşdırılması, məlumatların şəffaflığı, yeni təyinatlara tərcümeyi-halında səhvi olmayan insanların seçilməsi korrupsiyanın, rüşvətin dairəsini daraldır. Bununla belə kimlərsə, vəzifəsindən süi-istifadə edərsə, çirkli işlərlə məşğul olarsa, fəaliyyət sahəsində çalışan şəxslərin hüquqlarını tapdalayarsa, o zaman əlbəttə ki prokurorluq, eləcə də təhlükəsizlik xidməti öz işini görməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB